AZ

BÖYÜK KNYAZ Tərlanə Yaqubqızı yazır

ain.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

(Knyaz Aslanın 65 illik yubileyinə)

Hər dəfə onu görəndə yarızarafat, yarıciddi "Siz atlı olmusunuz, mən piyada" deyirəm. Və hər dəfə onu görəndə bütün gəncliyim, tələbəlik illərim gözlərim önündə canlanır. 1984-cü ildə Bakı Mədəni-Maarif məktəbinə qəbul olunmuşdum. Gözəl günlər idi. Qaynar tələbəlik həyatı məni öz ağuşuna almışdı.Texnikumda müntəzəm olaraq mədəni tədbirlər, respublikanın tanınmış elm və sənət adamları ilə görüşlər keçirilirdi.  Birinci kurs tələbəsi olmağıma baxmayaraq tədbirlərin aparıcılığını çox vaxt mənə həvalə edirdilər. Amma bir dəfə növbəti tədbirin aparıcılığına başqa bir adamın dəvət olunduğunu eşitdim. Yeniyetmələrə xas qısqanclıqla mənə "rəqib" olan həmin adamın kimliyi ilə maraqlandım. Bu, texnikumu fərqlənmə diplomu ilə bitirən, bugün cəmiyyətimizin ən hörmətli ziyalılarından biri, gözəl elm və qələm adamı, alim, şair-publisist Knyaz Aslan idi. O, artıq  o zamankı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) oxuyurdu, fəal tələbə kimi sayılıb-seçilirdi və texnikumun əlaçı məzunu kimi bu dəfəki tədbirə aparıcı kimi dəvət olunmuşdu. Necə deyərlər, düşdüyüm vəziyyətlə barışıb ön cərgələrin birində əyləşdim və onun tədbiri necə apardığına tamaşa etdim. İlahi, kaş orda olaydınız və gənc oğlanın necə  möhtəşəm çıxış etdiyini öz gözlərinizlə görəydiniz! Knyaz Aslanın fitri istedada, yüksək mədəniyyətə, gözəl bədii zövqə, natiqlik məharətinə malik olduğunu ilk dəfə o tədbirdə gördüm. Tədbir o qədər maraqlı keçirdi ki, bitməsinə təəssüf etdim. Sonda ona yaxınlaşıb təbrik və təşəkkür etmək istədim, amma gənc oğlan qəlbimdə gözəl təəssürat qoyaraq artıq çıxıb getmişdi.

İllər keçdi, mən də onun kimi fərqlənmə diplomu ilə məzun olub indiyənədək müqəddəs məbəd hesab etdiyim doğma universitetə daxil oldum. Əvvəllər elə bilirdim ki, seçimimdə yanılmışam, orta məktəb və texnikum müəllimlərimin məsləhət verdikləri kimi sənədlərimi ya filologiya, ya da jurnalistika fakültəsinə verməli imişəm. Amma sonralar təsadüfən daxil olduğum fakültəyə elə bağlandım ki... Bu fakültənin Məmməd İsmayıl, Zəlimxan Yaqub, Bahəddin Həzi, Səlim Babullaoğlu və neçə-neçə dəyərli söz adamlarını yetişdirdiyini yəqin ki, çoxları bilir. Knyaz Aslanla da illər sonra onun hələ laborant kimi çalışdığı kitabxanaçılıq fakültəsində (indiki informasiya və sənəd menecmenti fakültəsi) rastlaşdım. O, az bir müddətdə nəinki fakültənin, hətta bütün universitetin sevimlisi olmuşdu.

Onun bir şəxsiyyət kimi, bir ziyalı kimi keçdiyi şərəfli həyat yolu mənim gözümün qarşısında olub və özü də bilməyib ki,  mənim üçün ən ideal insanlardan biridir. Onu həmişə özümə örnək sanmışam. Etiraf edim ki, hər dəfə onunla rastlaşanda bu sözləri ona demək istəmişəm, amma nədənsə deyə bilməmişəm.

Amma sən demə hər şeyin öz vaxtı, öz məqamı varmış. Bugün Milli Kitabxanada Knyaz Aslanın 65 illik yubileyi ilə bağlı tədbir olacağını eşidəndə özümə yer tapa bilmədim. Qəlbimi çalpaşıq duyğular bürüdü. İlahi, illər nə tez keçdi?! O, gülərüz, sarışın oğlanın nə tez 65 yaşı oldu?! Yadıma ölməz Səməd Vurğunun "Şair, nə tez qocaldın sən" şeiri düşdü. Amma bu keçən 65 il əsla boşuna yaşanmamışdı. Əməkdaşlarımız  tərəfindən Knyaz Aslanın həyat və yaradıcılığına həsr olunmuş  kitab və dövrü mətbuat nümunələrindən ibarət sərgi onun renesans dövrünün adamları kimi hərtərəfli biliyə və istedada malik ziyalı olduğunun göstəricisi idi.

Kitabların arasında Kyaz Aslanın özünə mənəvi ustad saydığı rəhmətlik fəlsəfə müəllimimiz Camal Mustafayevə həsr etdiyi "Dədə Camal" kitabını da gördüm. Camal müəllimin şəklini kövrək hisslərlə öpdüm. Universitetdə bizə dərs deyən gözəl müəllimlərimizi- Musa Qasımlı, Nüşabə Sadıxlı, Almaz Əliqızı, Xəlil İsmayılov, Nadir İsmayılov, Əşrəf Xələfov, Vaqif Sultanlı, Abdulla Qarayev kimi dəyərli ziyalılarımızı xatırladım.

Bir azdan Knyaz müəllim öz həmkarları və tələbələri ilə kitabxanaya təşrif buyurdu. Dost gəlişi bayram olar, deyiblər. Əsl bayram ovqatına kökləndik. Direktor müavini Ədibə İsmayılova, şöbə müdirimiz Könül Kərimova, Knyaz müəllimin həmkarları Elçin Əhmədov, Sevda Xələfova, Nailə Mehrəliyeva, Zahidə Rzayeva və başqaları yubilyar haqqında xoş sözlər danışdılar. Mən də özümdə cəsarət tapıb illərlə qəlbimdə saxladığım  səmimi duyğularımı dilə gətirdim. Amma yenə də mənə elə gəldi ki, Knyaz Aslan haqqında demək istədiklərimi deyə bilmədim. Çünki Knyaz Aslan təkcə mənim yox, yaş etibarilə mənsub olduğum orta nəslin yaddaşında vətənpərvər, humanist, çalışqan, fəal, istedadlı bir insan kimi qalıb. Nə yaxşı ki, ömrün 65-ci ilində o, yenə də gənclik çağlarında olduğu kimi yazıb-yaradır, müəllim yoldaşlarının,  tələbələrinin və oxucularının sevgisi ilə nəfəs alır. 

Təəssüflər olsun ki, Knyaz Aslan mənə dərs deməyib. Amma mən həmişə özümü onun tələbəsi saymışam və onun dərs dediyi tələbələrə həsəd aparmışam. 

Mətbuat səhifələrində öz doğmam kimi imzasını izləmiş, publisistik yazılarını və şeirlərini birnəfəsə oxuyub valeh olmuşam. Bu günün özündə işimlə əlaqədar köhnə qəzetlərdə hər hansı material axtardığım zaman onun yazısına rast gələndə də həmin yazını çox böyük maraqla oxumuşam.

Ümumiyyətlə, universitet müəllimlərimizin kitabxanaya hər  gəlişi məndə sevinc və fərəh hissi yaradır. Onların şərəfli əməyi qarşısında baş əyir, Knyaz Aslanın timsalında öz işinin peşəkarı olan, tələbələrin sevgisini qazanan bütün müəllimlərimizə minnətdarlığımı bildirirəm.Nə yaxşı ki varsınız! Haqqınızı halal edin! Sayənizdə oxuyub-öyrəndik, sənət sahibi olduq, həyata atıldıq. Bugün qazandığımız ruzidə sizin də payınız var. Amma hər şey tək  maddiyyatla ölçülmür ki. Həyatın romantik tərəfi olduğu kimi, bir də acı reallıqları var.Bəzən o qədər haqsızlıqlarla qarşılaşırıq ki, istər-istəməz gözlərimiz müəllimlərimizi axtarır, onlarla dərdləşmək istəyirik. 

Cavan yaşlarında Molla Vəli Vidadiyə xitabən "Toy bayramdır bu dünyanın əzabı" desə də qocalanda "Mən cahan mülkündə mütləq doğru halət görmədim" yazan Molla Pənah Vaqif kimi şikayət etmək istəmirəm, onsuz da böyük Füzuli vaxtilə o cür "Şikayətnamə" yazıb və nə yazıq ki əsrlərdir öz aktuallığını qoruyub saxlayır. Amma neyləməli? Unudulmaz Qabilin sözü yada düşür:

             Günahkar oluruq biz, 

             Səhv düşəndə yerimiz.

Anlamaq dərdi böyük olur. Vay o günə ki ətrafındakı adamlar sənin özünü anlamayalar.

 Bineyi-qədimdən lazımsız alaq otlarının faydalı bitkilərin inkişafına mane olmaq istədiyini görmüşük. Əfsus ki, yaşadığımız cəmiyyətdə də belədir. Özündən savadlı və istedadlı adamlara düşmən kəsilən, onlara hər fürsətdə quyu qazmağa çalışan dar düşüncəli adamlardan Allah bizi qorusun!

Nə yaxşı ki Knyaz Aslan kimi möhkəm iradəsi, cəsarətli mövqeyi olan insanlar bütün əngəlləri aşıb öz sözünü deməyi bacarırlar. Bəlkə də bu məziyyətlər onun adındakı kübarlıqla, soyadındakı əzəmətlə əlaqədardır. Onun keçdiyi şərəfli həyat yolu gənc tələbələr üçün də əsl məktəbdir. O məktəbdən mən də öyrənmişəm və əminəm ki, bu məktəbdən öyrənənlər hər cür imtahandan üzüağ çıxırlar. Qoy həmişə üzünüz ağ, canınız sağ olsun, Knyaz müəllim! Qələminiz iti, təbiniz rəvan olsun! 

Atalar məsəlidir: İgid odur atdan düşə atlana, igid odur hər əzaba qatlana! Amma mən arzu edirəm ki, heç vaxt atdan düşməyəsiniz! Əsl Böyük Knyaz kimi daim ucalıqlarda olasınız. Həyatın əzablı yollarında atınız əsla büdrəməsin! 

Mənim şair qardaşım, Vətənimizin mərd və qeyrətli oğlu, ürəyi və ruhu gənc olanlar üçün 65 yaş nədir ki?  Neçə-neçə gözəl yubileylərinizdə görüşənədək!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
adalet.az

3Mənbələr