AZ

Çaya görə gəlin qayınananın başını divara vurdu - Qubada

Quba rayonunda gəlinin qayınanasını döyməsi ilə nəticələnən ailə münaqişəsi baş verib.

Azreform.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Quba rayonunun Gədikqışlaq kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, 26 yaşlı Mahizər Sultanova (ad və soyad şərtidir) yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı qayınanasının saçından tutaraq əvvəlcə onun üzünə şillə vurub, daha sonra isə başını divara çırpıb.

Hadisədən sonra Mahizər Sultanova saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, 2015-ci ildə 16 yaşında ailə qurub və hazırda beş övladı var. Onun sözlərinə əsasən, hadisə gecə saat 00 radələrində işdən qayıdan ərinə çay hazırlamaması səbəbindən baş verib. Qayınanası bu məsələnin səbəbini soruşduqdan sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı gəlin qayınanasının üzünə şillə vurub, daha sonra saçından tutaraq başını divara çırpıb.

Nəticədə zərərçəkən qadın müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin şahidi olan Mahizərin əri müdaxilə edərək onu başqa otağa aparıb və tərəfləri ayırıb.

Zərərçəkən qadın məhkəmədə gəlinini bağışlamadığını və ona cəza verilməsini istədiyini bildirib.

Quba Rayon Məhkəməsinin qərarına əsasən, Mahizər Sultanova aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Seçilən
12
7
azreform.info

9Mənbələr