Bakı, 25 dekabr, AZƏRTAC
İndiyədək 2 tələbəsi olan 1667 ailədən ümumilikdə 3334 tələbə, 3 tələbəsi olan 41 ailədən 123 tələbə, 4 tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil tələbə kreditindən yararlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
O bildirib ki, ümumilikdə 1711 ailəni əhatə edən 3469 tələbə təhsil tələbə krediti mexanizmi çərçivəsində kreditlə təmin olunub: “Fondun fəaliyyətində yaş məhdudiyyəti tətbiq edilməyib. Eyni ailədən bir neçə nəfərin təhsil tələbə kreditindən faydalana bilməsinin Fondun sosial önümlü və inklüziv fəaliyyətinin göstəricisidir”.