Analitiklər ABŞ-ın təşəbbüsü ilə başlanacağı deyilən sülh danışıqlarının yaxın perspektivdə müharibəni dayandıracağına ümidin az olduğunu bildirirlər. Ekspertlərin fikrincə, mövcud şəraitdə Kiyev üçün yeganə real strategiya cəbhədə qüvvələri qənaətlə istifadə etmək, ehtiyatları artırmaq, Rusiyaya qarşı tükəndirmə zərbələrini davam etdirmək və sülh üçün daha əlverişli məqamı gözləməkdir.
Hit.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazıb.
Nəşr qeyd edir ki, Ukraynanın 2026-cı ilə nikbin baxması üçün ciddi əsaslar olmasa da, ölkə heç də məğlub edilməyib. Bu yaxınlarda Avropa İttifaqı Kiyev üçün 90 milyard avro həcmində kredit ayrılmasını razılaşdırıb. Bu vəsait 2027-ci ilin sonunadək müdafiəni hazırkı intensivliklə davam etdirməyə kifayət edir. Bu, cəbhədə köklü dəyişiklik yaratmasa da, Ukraynaya mövqelərini qorumağa imkan verəcək.
Jurnalistlərin fikrincə, Rusiya cəbhədə təşəbbüsü əlində saxlayacaq, lakin irəliləyiş çox ləng və böyük itkilər bahasına baş verəcək. Donald Trampın ruslara “sadəcə verməyi” təklif etdiyi Donbasın qalan hissəsinin tam ələ keçirilməsi üçün təcavüzkara bir il, bəlkə də daha çox vaxt lazım olacaq və bu, Rusiyaya azı 400 min ölü və yaralıya başa gələ bilər.
İqtisadçı Yanis Klyugеnin hesablamalarına görə, Rusiya ayda təxminən 30 min yeni hərbçi cəlb etməyə davam edir. Bu, cari itkiləri kompensasiya etmək üçün kifayət etsə də, vəziyyəti köklü şəkildə dəyişmək üçün yetərli deyil. “The Guardian” yazır ki, Ukraynada səfərbərlik səviyyəsi təxminən belə açıqlansa da, real rəqəm ehtimal ki, bunun yalnız üçdə biri qədərdir. Eyni zamanda Müdafiə Qüvvələrinin aylıq itkilərinin də 10 mindən çox olmadığı güman edilir; yaralıların sayı ölənlərdən xeyli çoxdur.
Məqalə müəllifləri Ukrayna Silahlı Qüvvələrinin əsas problemini piyada qüvvələrinin tükənməsi kimi qiymətləndirirlər. Bu, cəbhəni saxlamaq imkanlarına mənfi təsir göstərir və rus qüvvələri azsaylı Ukrayna mövqeləri arasından sızaraq irəliləyə bilirlər. Nəticədə Ukrayna üçün “strateji zəiflik” formalaşıb. Yazıda qeyd olunur ki, Kursk əməliyyatından sonra Ukraynanın quruda gözlənilməz addımlar atmaq imkanları məhdudlaşıb.
“Azov” briqadasının keçmiş qərargah rəisi və Ukraynanın müharibə aparma üsulunun açıq tənqidçilərindən biri olan Boqdan Kroteviç hesab edir ki, Müdafiə Qüvvələri azı yarım il müddətinə “dinamik müdafiə rejiminə” keçməlidir. Onun fikrincə, əraziləri hər qiymətə saxlamaq əvəzinə ehtiyatların yaradılması prioritet olmalıdır.
Cəbhədən kənarda isə iqtisadi müstəvi mövcuddur. Rusiya Ukraynanın enerji infrastrukturuna ciddi zərbələr endirsə də, bunun əhali və ordunun müqavimət əzminə həlledici təsir göstərdiyi görünmür. Əvəzində Ukraynanın Rusiyaya endirdiyi zərbələr getdikcə miqyasını artırır. Bu hücumlar Rusiyanın neft gəlirlərinin azalmasına səbəb olub və noyabr ayında bu gəlirlər 34 faiz düşüb. Bundan başqa, Kiyev Rusiyanın tanker “kölgə donanması”na birbaşa hücumlara da başlayıb.
“Kiyev üçün ümidlərdən biri ondan ibarətdir ki, Rusiya növbəti iki il ərzində hansısa şəkildə sınacaq. Lakin Yevgeni Priqojinin Moskvaya yürüşünün uğursuzluğundan sonra ölkə daxilində açıq müqavimət əlamətləri demək olar ki, görünmür”, deyə “The Guardian” yazır.
Məqalə müəllifləri hesab edirlər ki, gələn il Konqresə aralıq seçkilərində respublikaçıların məğlubiyyəti halında Donald Trampın Moskvaya güzəştli mövqedən əl çəkməsi ehtimalı da mövcuddur.
“Ukrayna üçün ən real perspektiv, ən pis halda, Rusiyanı indiki demək olar ki, tam durğunluq səviyyəsində saxlamağa çalışmaq və sonda hansısa dönüş nöqtəsinin yaranacağına ümid etməkdir”, deyə nəşr yekunlaşdırır.
Samir