Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən Nəsimi rayon təşkilatı ilə birgə “Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu əlamətdar gündə keçirilən tədbirin mövzusunun çağdaş tariximizin möhtəşəm dövrü ilə həmahəng olduğunu bildirib: “Çünki günümüzün reallığı budur ki, dünyada bir çox ölkələr mühüm resurslara – əlverişli coğrafi mövqeyə, təbii sərvətlərə, böyük iqtisadi və demoqrafik potensiala sahib olsalar da, öz siyasətlərini milli maraqlara uyğun həyata keçirə bilmirlər. Müasir Azərbaycanın nümunəsi isə təsdiqləyir ki, məhz zəngin dövlətçilik təcrübəsinə, xalqın birmənalı və qətiyyətli dəstəyinə malik lideri olan ölkələr milli mənafelərə əsaslanan siyasət vasitəsilə davamlı inkişafı təmin edir və beynəlxalq aləmdə nüfuz sahibi olurlar. Çoxəsrlik dövlətçilik tarixinə malik Azərbaycan mürəkkəb sosial-iqtisadi və geosiyasi vəziyyətə baxmayaraq, müstəqilliyin bərpasından sonra yüksəlişini təmin edə, dünyada nüfuzlu dövlət kimi tanına bilib. Bu, birmənalı olaraq Heydər Əliyev dühası və Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olub”.
Tahir Budaqovun sözlərinə görə, inkaredilməz həqiqətdir ki, müdrik dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycan naminə çalışaraq xalqın işıqlı gələcəyini təmin edən əvəzsiz işlər görüb: “1993-cü ildə xalqın israrlı tələbi ilə respublikamızda yenidən hakimiyyətə qayıdan Ulu öndərin dövrün çağırışlarına cavab verən siyasəti nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm faktorlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin edib. Dahi şəxsiyyətin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyən etmişdir”.
YAP Sədrinin müavini bildirib ki, Ulu öndərin xalqımız qarşısında xidmətlərindən bəhs edərkən bu kontekstdə müasir dövlətçilik tariximizdə müstəsna yerə və rola malik - taleyüklü önəm daşıyan siyasi varisliyin təmin olunmasını xüsusi qeyd etmək lazımdır: “Azərbaycan xalqının böyük etimadı əsasında ölkə Prezidenti seçilərək dövlət başçısı kimi fəaliyyətə başladığı zaman öz missiyasını “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” - tezisi ilə ifadə edən Prezident İlham Əliyev Heydər Əliyev yoluna sadiqliyini sübuta yetirib. Bu gün inamla və iftixarla söyləyirik ki, Ulu öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirib”.
Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2003-cü ildə Prezident İlham Əliyev haqqında “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.
Şəhid Ruslan Cəfərovun anası Alimə Cəfərova bildirib ki, Azərbaycanın bugünkü qürurlu, suveren və qalib ölkə reallığı təsadüfi deyil. Bu yolun təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfəri təmin etdi. Fəxrlə ifadə edirik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Oğlum Ruslan Cəfərov qalib xalqın şəhididir!”
Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi Rüfət Salmanov deyib: “Biz döyüşə gedəndə bir amalımız vardı: dövlətimizin suverenliyini tam bərpa etmək. Biz bilirdik ki, arxamızda ulu öndər Heydər Əliyevin qurduğu güclü dövlət, önümüzdə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanır. Bu inam bizi məğlubedilməz etdi”.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra konsert proqramı təqdim olunub.
XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.