AZ

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı, 25 dekabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Batman Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.

Sənəddə, həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Batman Universitetinin rektoru İdris Demir imzalayıblar.

Əsası 2007-ci ildə qoyulmuş Batman Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir.

Seçilən
31
3
azertag.az

4Mənbələr