AZ

Güzəşt hüququ olan müharibə veteranlarının siyahısı genişlənə bilər

Xəbər verdiyimiz kimi, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin Milli Məclisdə müzakirələri davam etdirilir. İnsan resursları üzrə ekpert Ramin Hacıyev “vergiler.az”a açıqlamasında işçilərin məzuniyyət hüququ ilə bağlı Əmək Məcəlləsinin 120-ci maddəsinə təklif edilən dəyişiklikliyə aydınlıq gətirib. Onun sözlərinə görə, layihədə əsasən üç istiqamət üzrə dəyişikliklər nəzərdə tutulur:

– Əmək Məcəlləsinin mahiyyəti üzrə təkmilləşdirilməsi, yeni anlayışların qanunvericiliyə gətirilməsi;

– Əmək müqaviləsinə xitam verilməsi halları üzrə yeniliklər;

– Sosial təminat və məzuniyyət hüquqları ilə bağlı dəyişikliklər.

İşçilərin məzuniyyət hüquqları üzrə nəzərdə tutulan dəyişikliyə gəlincə, ekspert bildirib ki, bununla bağlı Əmək Məcəlləsinin 120-ci maddəsinə müvafiq yeniliyin edilməsi təklif olunub: “Həmin maddə Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətlərinin müddətlərindən bəhs edir. Hazırkı qanunvericiliyin tələbinə görə, xüsusi xidmətləri olan işçilərə 46 gün məzuniyyət hüququ verilib. Onların siyahısı aşağıdakı kimidir:

– Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilər;

– Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;

– Azərbaycanın Milli Qəhrəmanları;

– Sovet İttifaqı Qəhrəmanları;

– 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;

– “İstiqlal” ordeni ilə təltif olunmuş işçilər;

– Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər”.

R.Hacıyev Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə həmin şəxslərin siyahısının genişləndirildiyini vurğulayıb. Təkliflər qəbul edilərsə, xüsusi xidməti olduğuna görə, 46 təqvim günü əmək məzuniyyəti verilən işçilərin siyahısının bu cür olacağını vurğulayıb:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilər;

– Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilər;

– Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər;

– Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;

– Azərbaycanın Milli Qəhrəmanları;

– Sovet İttifaqı Qəhrəmanları;

– Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilər;

– “İstiqlal” ordeni ilə təltif olunmuş işçilər;

– Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər;

– Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilər.

Seçilən
7
1
banker.az

10Mənbələr