Bu gün Bakıdan Çeçenistanın Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının bir ili tamam olur.
Məhz 2024-cü il dekabrın 25-də pilotların və bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində qəza enişi həyata keçirilsə də, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb.
Həmin gün sərnişinlərə son ana qədər təlimat verən, onları təmkinli olmağa çağıraraq “Hər şey yaxşı olacaq” sözü ilə tarixə düşən bələdçi Hökumə Əliyevanın atası Cəlil Əliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ailə hazırda Fəxri xiyabandadırlar.
Onun sözlərinə görə, ildönümü ilə əlaqədar Hökumə Əliyevanın Samux rayonunun Alıuşağı kəndindəki ev-muzeyinə gedənlərin sayı da kifayət qədərdir:
“İldönümü ilə bağlı gəlib-gedənlər daha çoxdur. Hər zaman olduğu kimi, bu gün də insanlar muzeyə gedirlər. Ümumiyyətlə, həmişə gedirlər, bu gün daha çoxdur. Amma biz hazırda orada deyilik, Bakıdayıq”.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib.
İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Təyyarə bələdçisi Hökumə Cəlil qızı Əliyeva Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
Buna baxmayaraq, Rusiya indiyədək hadisə ilə bağlı məsuliyyəti üzərinə götürməyib, nə də rəsmi şəkildə üzr istəyib. Eyni zamanda, təyyarənin vurulması faktı üzrə nə kompensasiya ödənilib, nə də məsul şəxslər cinayət məsuliyyətinə cəlb olunub.