AZ

Milli Müdafiə Universitetində “Konstitusiya və suverenliyimizin təminatı həmrəyliyimizdir” mövzusunda tədbir keçirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 dekabr, AZƏRTAC

Milli Müdafiə Universitetində (MMU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və suverenliyimizin təminatı həmrəyliyimizdir” mövzusunda tədbir təşkil olunub.

MMU-dan AZƏRTAC-a verilən məlumata görə, tədbir “Konstitusiya və Suverenlik İli”, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və tarixi Qələbənin 5-ci ildönümünə həsr edilib.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidələr ziyarət edilib. Daha sonra Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca konstitusiya və suverenlik, milli həmrəylik ideyası və Azərbaycanın şanlı Zəfər yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

MMU-nun rektoru, general-mayor Gündüz Əbdülov çıxışında konstitusiya və suverenliyin Azərbaycan dövləti üçün milli iradənin, dövlətçilik ənənələrinin və tarixi ədalətin təcəssümü olduğunu vurğulayıb. O bildirib ki, bu ali dəyərlərin qorunması peşəkar, intellektual və milli ruhda formalaşmış yeni nəsil hərbi kadr kontingentinin əsas missiyalarındandır. Rektor 7 fevral 2024-cü il tarixində tam suverenlik şəraitində keçirilmiş ümumxalq seçkilərinin dövlətçilik tarixində mühüm siyasi-hüquqi mərhələ olduğunu diqqətə çatdırıb.

Ardınca çıxış edən Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Ümüdvar Quliyev vurğulayıb ki, Hərbi İnstitut Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu fəlsəfəsinə əsaslanaraq peşəkar, dövlətçilik düşüncəsinə malik və yüksək milli məsuliyyət hissi daşıyan zabitlər yetişdirir.

Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Aysu Ruşanova çıxışında bildirib ki, gələcəyin zabitləri konstitusiyaya xidməti əsas dəyər kimi qəbul etməli, suverenliyi müqəddəs əmanət saymalı və xalqın orduya etimadını vicdanlı xidmətləri ilə qorumalıdırlar.

Çıxışlarda ölkənin qazandığı milli nailiyyətlərin və tarixi Zəfərin Prezidentin qətiyyətli rəhbərliyi ilə əldə edildiyi xüsusi vurğulanıb.

Tədbir çərçivəsində elmi-pedaqoji və ictimai fəaliyyətlərində fərqlənən müəllimlər, kursantlar və əməkdaşlar təltif olunublar. Həmçinin “Müasir Milli Zabit” modelinin təqdimatı keçirilib, universitetin fəaliyyətini əks etdirən hesabat xarakterli jurnallar iştirakçılara təqdim edilib.

Tədbir milli-mənəvi dəyərləri, həmrəylik ideyasını və vətənpərvərlik ruhunu əks etdirən bədii proqramla başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
azertag.az

2Mənbələr