Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.
“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il tarixli 16 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Plenumun Qərar layihəsi müzakirə edilib və qəbul olunub.
“Hərbi xidmət keçməkdən boyunqaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Plenumun Qərar layihəsinin müzakirəsi aparılıb.
İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında" Plenumun Qərar layihəsi də qəbul edilib.
Eyni zamanda, 2024-cü ildə və 2025-ci ilin I yarımilliyində Sumqayıt Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.