Azərbaycan hökuməti yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin (MİS/JEK) fəaliyyətini təkmilləşdirmək üçün yeni islahat təşəbbüsü ilə çıxış edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, mövcud MİS-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi – MMC yaradılacaq. İllərdir cəmiyyətdə müzakirə olunan “JEK problemi”nin bu islahatla köklü şəkildə həll olunub-olunmayacağı isə sual doğurur. Maraqlıdır, bu islahat uzun illərdir müzakirə olunan “JEK problemini” kökündən həll edə biləcəkmi?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı bildirib ki, mənzil-kommunal təsərrüfat müəssisələri sovet dövründən qalan idarəetmə strukturlarıdır və onların funksiyaları indiki dövrün tələbləri ilə uzlaşmır.
Vəkilin sözlərinə görə, JEK-lərin əsas fəaliyyəti vaxtilə mənzil borcları ilə bağlı arayışların verilməsi kimi sadə inzibati funksiyalarla məhdudlaşıb:
“Bu gün həmin arayışlara ehtiyac qalmayıb. Üstəlik, JEK binalarının sayı da xeyli azalıb. Hazırda bu qurumların konkret nə iş gördüyü tam aydın deyil. Əksər hallarda sadəcə borc bildirişləri ilə bağlı evlərə müraciətlər edirlər”.
Mehman Muradlı qeyd edib ki, bir çox köhnə binaların birinci mərtəbələri yaşayış statusunda olsa da, faktiki olaraq qeyri-yaşayış sahələrinə çevrilib və bu proses bəzən həm qanunsuz, həm də sonradan qanuniləşdirilən hallar yaradıb. Onun fikrincə, yeni tikililərdə isə idarəetmə tam fərqlidir və burada mənzil mülkiyyətçilərinin yaratdığı müştərək cəmiyyətlər fəaliyyət göstərir. Lakin bu cəmiyyətlərin öz daxilində də ciddi problemlər mövcuddur.
“Bir binanın saxlanması olduqca qəliz məsələdir. Ortaq məxrəcə gəlmək çətin olur. Xidmət göstərən işçilər var, amma onların haqqını mənzil sahiblərindən toplamaq hər zaman mümkün olmur. Bəziləri müqavilə olmadığını əsas gətirərək ödənişdən imtina edir”, – deyə vəkil vurğulayıb.
Ekspert xatırladıb ki, COP tədbirləri ərəfəsində dövlət tərəfindən bir çox köhnə binaların fasadları və infrastrukturu yenilənib və bu xərclər dövlət hesabına qarşılanıb. Onun sözlərinə görə, illərdir MİS-lərin kommersiya qurumu kimi fəaliyyət göstərməsi müzakirə olunurdu:
“Əgər bu qurumlar kommersiya əsaslı işləsəydilər, həm öz maraqları, həm də vətəndaşa xidmət keyfiyyəti baxımından daha məsuliyyətli yanaşma olardı”.
Mehman Muradlı mənzil borcları ilə bağlı mübahisələrin getdikcə artdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda mənzil satıldıqdan sonra əvvəlki sahibin borcları yeni mülkiyyətçi ilə bağlı mübahisələrə səbəb olur və bu cür işlər məhkəmələrdə çoxalır.
Vəkil hesab edir ki, vahid müəssisənin yaradılması müəyyən problemləri həll etsə də, yeni çətinliklər də yarana bilər:
“Bu sahədə Avropa ölkələrinin, eləcə də Yaponiya kimi dövlətlərin təcrübəsindən yararlanmaq olar. Uğurlu modellər mövcuddur və onlardan istifadə etməklə optimal çıxış yolu tapmaq mümkündür”.
Qeyd edək ki, yeni yaradılacaq vahid mənzil-kommunal təsərrüfatı müəssisəsinin fəaliyyət mexanizmləri hələlik tam açıqlanmayıb və islahatın praktiki nəticələri zamanla bəlli olacaq.