Bu, Rusiyanın mövcud idarəetmə mexanizmi tərəfindən düşünülmüş və planlaşdırılmış addımdır”
Son zamanlarda Rusiyada soydaşlarımıza və daspor təmsilçilərimizə qarşı yeni hücumlar, həbslər qeydə alınır. Təyyarə qəzasının ildönümü ərəfəsində bu məqamlar yenidən Bakı-Moskva münasibətlərini gündəmə gətirib.
Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Vüqar İsgəndərov maraqlı nüanslara toxunub.
- Rusiyada azərbaycanlılara qarsı yeni həbslər həyata keçirilir, diaspor nümayəndələri hədəfə alınır. Necə düşünürsünüz, Azırbaycana qarşı bu münasibət niyə yenidən start götürüb?
- Rusiya ilə Azərbaycan arasında rəsmi müttəfiqlik münasibətlərini tənzimləyən hüquqi qüvvəyə malik müqavilə mövcuddur. Bu, tərəflər arasında münasibətlərin əsasını təşkil edən rəsmi sənəddir. Təəssüf ki, Rusiyanın daxilində bu münasibətlərin pozulmasında maraqlı olan kifayət qədər qüvvələr də mövcuddur. Rusiya yüzillərdir, Cənubi Qafqazda möhkəmlənmiş və regionda baş verən mühüm geosiyasi proseslərdə özünü əsas oyunçu kimi təqdim edib. Azərbaycanın yaratdığı yeni reallıqlar, həm regionda, həm də dünyada baş verən siyasi kataklizmlər, xüsusilə Rusiya–Ukrayna müharibəsi və ümumilikdə, beynəlxalq siyasi palitranın kəskin dəyişməsi Rusiyanın mövqeyində ciddi transformasiyalara səbəb olub. Eyni zamanda, Azərbaycan güclənib. Prezident İlham Əliyevin ağıllı, düşünülmüş və qətiyyətli siyasəti, ölkəmizin regionun liderinə çevrilməsi, beynəlxalq güclərlə qurulan qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə real imkanlar yaradıb. Prezidentin gündən-günə artan qlobal nüfuzu və siyasi çəkisi Azərbaycanın milli maraqlara söykənən siyasət həyata keçirməsi üçün əlverişli şərait formalaşdırır. Bu reallıqlar isə Rusiyanın müəyyən dairələrini narahat edir. Üstəlik, Rusiya hazırda Ukrayna müharibəsi fonunda dərin siyasi, iqtisadi və sosial problemlərlə üz-üzədir. Xarici sanksiyalar, beynəlxalq təzyiqlər və daxili gərginliklər ölkə daxilində psixoloji gərginlik yaradıb. Bu vəziyyətdə Rusiya hakimiyyəti daxili problemlərin məsuliyyətini başqa istiqamətlərə yönəltməyə çalışır və əsas hədəflərdən biri də miqrantlar və etnik azlıqlar olur. Bu kontekstdə Rusiyada yaşayan müxtəlif etnik qruplara, o cümlədən azərbaycanlılara qarşı təzyiqlər artır. Onların biznes strukturlarına müdaxilələr, maliyyə təzyiqləri, həbslər, vətəndaşlıqdan məhrumetmə, ölkədən çıxışa qadağalar kimi hallar müşahidə olunur. Xüsusilə Rusiyada yaşayan, iqtisadi və ictimai fəallığı ilə seçilən, Azərbaycan kimliyini və milli dəyərlərini qoruyub saxlayan azərbaycanlı iş adamları və ictimai fəallar bu təzyiqlərin əsas hədəfinə çevrilir.
Rusiya Prezidenti ilə Prezident İlham Əliyev arasında aparılan danışıqlardan sonra bir müddət bu proseslərdə səngimə müşahidə olunsa da, qısa müddət sonra təzyiqlərin yenidən artması göstərir ki, Rusiyanın siyasi rəhbərliyinin bəyanatları ilə bəzi siyasi institutların, güc və istintaq strukturlarının real fəaliyyəti arasında ciddi uyğunsuzluq mövcuddur.
Rəsmi açıqlamalarda münasibətlərin normallaşdırılması və müsbət ritorika səslənsə də, aşağı səviyyəli strukturlar və regional dairələr fürsət düşən kimi azərbaycanlıların biznesinə əl qoyur, onlardan yüksək məbləğlər tələb edir və müxtəlif təzyiq mexanizmlərindən istifadə edirlər. Bu hallar bəzən ayrı-ayrı şəxslərin və qrupların maraqları çərçivəsində baş versə də, nəticə etibarilə federativ səviyyədə Rusiyanın Azərbaycana münasibətində problem kimi ortaya çıxır. Rusiya tərəfinin bu məsələlərə ya susqun qalması, ya da qeyri-müəyyən və formal açıqlamalarla kifayətlənməsi göstərir ki, rəsmi Moskvada bu proseslərə hələ də maraq mövcuddur. Bu isə iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir. Hesab edirik, Rusiya–Azərbaycan münasibətlərində yaranan problemlərin əksəriyyəti Rusiyanın ayrı-ayrı siyasi, təhlükəsizlik və hüquq-mühafizə strukturlarının qeyri-konstruktiv yanaşmasından qaynaqlanır. Məhz buna görə siyasi rəhbərlik daha açıq və prinsipial mövqe ortaya qoymalı, iki ölkə arasındakı münasibətlərin korlanmasına yol verilməməlidir.
- Azərbaycanlı diaspor nümayəndələrinin istintaq işi erməniəsilli hüquqşunaslar və müstəntiqlərə tapşırılır. Kreml bu addımı ilə nəyə nail olmaq istəyir?
- Azərbaycanlı diaspor fəallarının rəhbərlərinə qarşı aparılan istintaqa erməni mənşəli ünsürlərin cəlb olunması, hətta onları üz-üzə qoyan və günahlandıran hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı açıq-aydın təxribatdır. Burada heç bir təsadüfdən və ya yanlış anlaşılmadan söhbət gedə bilməz. Bu, Rusiyanın mövcud idarəetmə mexanizmi tərəfindən düşünülmüş və planlaşdırılmış addımdır. Həmin addımlar sözügedən şəxslərə təzyiq vasitəsi kimi istifadə olunur və artıq açıq şəkildə siyasi məzmun daşıyır. Məqsəd yalnız diaspor rəhbərlərinə deyil, onların ailələrinə, oradakı azərbaycanlı diaspor nümayəndələrinə və ümumilikdə, Azərbaycana təzyiq göstərməkdir. Baş verənlər heç bir halda qəbul edilə biləcək təzyiq forması deyil, bu, açıq təxribatdır.
Proseslərin, Azərbaycanda həbsdə olan rusiyalıların azad olunması və digər mümkün güzəştlər üçün təzyiq aləti kimi istifadə edildiyi də istisna olunmur. Məhz buna görə Baş Prokurorluq və müvafiq baş idarələr bu məsələyə ciddi yanaşmalı, istintaqı aparan müstəntiqlər və ekspertlər dəyişdirilməli, işin obyektiv və ədalətli aparılması birbaşa nəzarətə götürülməlidir. Əks halda, bütün bunlar azərbaycanlı diaspor nümayəndələrinə qarşı təcavüz kimi qiymətləndiriləcək və Rusiyadan bunun siyasi və hüquqi cavabı tələb olunacaq.
- Təyyarə qəzasının bir ili tamamlanmaq üzrədir və istintaq, demək olar ki, yekunlasır. Hansı prosesləri müşahidə edə bilərik?
- Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya ərazisi üzərində vurulmasından təxminən bir il keçməsinə baxmayaraq, rəsmi Bakının Moskva qarşısında irəli sürdüyü tələblər hələ də tam şəkildə öz əksini tapmayıb. Qəzadan sonra Rusiya Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edərək üzrxahlıq etdi, məsələ müzakirə olundu, Qroznıda birgünlük matəm elan edildi. Hadisədə isə günahkar olan hərbçilərin cəzalandırılması, onların cinayət məsuliyyətinə cəlb edilməsi, müvafiq komissiyanın yekun rəyinin təqdim olunması və rəsmi üzrxahlığın hüquqi müstəvidə təsdiqi hələ də açıq qalır. Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüşdə Rusiya Prezidentinin bu məsələlərlə bağlı verdiyi açıqlamalar müəyyən qədər müsbət notlar yaratdı. İstintaq başa çatdıqdan sonra bütün hüquqi məsələlərin həll olunacağını bildirdi. Hadisədən bir ilə yaxın vaxt keçib və biz bu məsələdə Rusiya Prezidentinin verdiyi sözlərə inanmaq istəyirik. Hazırda istintaq çərçivəsində konkret faktlar, adlar və hadisənin detalları artıq məlumdur. Bəzi məlumatlar, hətta mediaya sızıb ki, bu da istintaq prosesinə xələl gətirir. Komissiya sənədləri ilə bağlı da hüquqi maneə yoxdur - bu məsələ həm beynəlxalq konvensiyalar, həm də milli qanunvericilik çərçivəsində həll oluna bilər. Bütün bunların öz real nəticəsini tapacağı və yaxın zamanda rəsmi Moskvanın əməli addımlar atacağı gözlənilir. Rusiya Prezidenti bu məsələ ilə bağlı Azərbaycan Prezidentinə söz verib.
- Son günlərdə Rusiyadan Zəngəzur dəhlizinə qarşı açıq kampaniyanın şahidi oluruq. Kreml TRİPP layihəsini əngəlləyə bilərmi?
- Qeyd etdiyim kimi, Rusiyanın Cənubi Qafqaz regionunda toqquşan maraqları mövcuddur. Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ də Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış sənəddə əksini tapıb və bu sənədin müvafiq maddəsi ilə təsbit olunub. Lakin indiyə qədər bu məsələnin reallaşmaması əsasən Rusiya və Ermənistanın təşəbbüsləri ilə bağlıdır və faktiki olaraq bəyanatın icrası dayanıb.
Azərbaycanın yaratdığı yeni reallıqlar və irəli sürdüyü bu meqalayihə təkcə regionun deyil, dünyanın diqqət mərkəzindədir. 8 avqustda Vaşinqtonda imzalanmış üçtərəfli sənəd və oradakı 17 maddə bu məsələdə ABŞ-nin daha fəal rol oynadığını açıq şəkildə göstərir. Rusiyanın son dövrlərdə bu layihə ilə bağlı səsləndirdiyi fikirlər isə daha çox Ermənistanı hədəfləyir.
Məlumdur ki, Paşinyan müstəqil Ermənistan tarixində Rusiyadan çox Qərbə yaxın siyasət yürüdən ilk rəhbərdir. Ermənistan iqtisadi sahədə Rusiya ilə münasibətləri qismən saxlayır, lakin siyasi istiqamətdə ciddi şəkildə Qərbə yönəlib. Bu isə Rusiyanın maraqlarına uyğun olmayan siyasətdir və zaman-zaman Rusiya rəsmiləri tərəfindən açıq şəkildə tənqid olunur. Hazırda bu layihə, əsasən, ABŞ-nin patronajı altındadır. Rusiyanın gələcəkdə müəyyən rol alması mümkündür, lakin yolun açılması və işləməsi üçün ciddi maneə görünmür. Aydındır ki, Rusiya və İran bu prosesdən məmnun deyillər, lakin ən azı müəyyən pay əldə etməkdə maraqlıdırlar. Bu, beynəlxalq siyasətdə yeni hal deyil. Əsas reallıq ondan ibarətdir ki, bu reallıqları Azərbaycan və onun Prezidenti İlham Əliyev yaradıb. Layihənin adı, investisiyalar, yolun tikintisi və iqtisadi infrastrukturu artıq ABŞ, Ermənistan və Azərbaycan arasında müzakirə olunur. Yəni konkret proqram var və icra mərhələsinə keçilib. Rusiyanın bu mərhələdə həlledici rolu yoxdur, qalan məsələlər isə zamanla öz həllini tapacaq.
Azərbaycanın hazırkı siyasəti milli maraqlara söykənir, dövlət suverenliyinin qorunmasına və dövlətçiliyin inkişafına xidmət edir. Eyni zamanda, dünya gücləri ilə qarşılıqlı faydalı əməkdaşlıq balanslı şəkildə davam etdirilir. Azərbaycanın Qoşulmama Hərəkatında güclü mövqeyi də bu balanslı siyasəti daha da möhkəmləndirir. Bu qətiyyətli və uğurlu xarici siyasət Azərbaycan Prezidentinin daxildə xalqdan aldığı güclü dəstək sayəsində beynəlxalq arenada da mövqelərimizi gücləndirir. Bütün bunlar bu gün Azərbaycanın yaratdığı reallıqlardır. Təxribatların nəticələrinə yenidən baxsaq görərik ki, Azərbaycan gücləndikcə, beynəlxalq mövqelərini və təsir imkanlarını artırdıqca, təəssüf ki, düşmənlərin və bu reallıqları qəbul edə bilməyən qüvvələrin sayı da artır. Azərbaycanın əldə etdiyi uğurlarla barışmaq istəməyən dövlətlər və dairələr bu gün də mövcuddur. Bu prosesdə daxildə “beşinci kolon” adlandırılan qüvvələrin də zaman-zaman aktivləşdirilməsi cəhdləri müşahidə olunur. Güclü Azərbaycan dövləti, xalq-hakimiyyət birliyi bu kimi halların öhdəsindən layiqincə gəlir.
Son dövrlərdə Ramiz Mehdiyev, qanun çərçivəsində məsuliyyətə cəlb edilən şəxslər, eləcə də Əli Kərimli və digərlərinin “beşinci kolon” rolunda çıxış edərək dövlətçiliyə qarşı fəaliyyət göstərmək cəhdləri açıq şəkildə xarici qüvvələrin sifarişi kimi qiymətləndirilir. Bu sifarişləri isə yerli marjinal qruplar icra etməyə çalışır. Hazırda bu qüvvələrin zərərsizləşdirilməsi prosesi davam edir. Bugünkü stabil və güclü dövlət modeli belə qüvvələrin Azərbaycanda hər hansı real fəaliyyətinə imkan vermir. Bununla belə, cəmiyyət bu məsələlərdə daim həmrəy olmalı və ayıq-sayıqlığını qoruyub saxlamalıdır. Burada təkcə dövlət institutlarının, hüquq-mühafizə orqanlarının, xüsusi xidmət strukturlarının fəaliyyəti deyil, eyni zamanda xalqın iradəsi, vətəndaş cəmiyyətinin mövqeyi və insanların həssas yanaşması həlledici rol oynayır. Bu, birbaşa dövlətçilik məsələsidir və belə qüvvələrin aktivləşməsi heç vaxt təsadüfi olmur.
Bu kontekstdə Rusiya və ya İranla bağlı olan müəyyən dairələrin təsiri də müzakirə olunur və bu, beşinci kolon fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu yaxınlarda Avropa Parlamentində qəbul edilən qərəzli və əsassız bəyanatlar da bu həqiqətləri bir daha üzə çıxarır. Halbuki bu gün Azərbaycan və Ermənistan arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir. Azərbaycan Ermənistana taxılın ötürülməsinə, neft məhsullarının, xüsusilə benzinin təmin edilməsinə şərait yaradır. Ermənistanın Baş naziri bu addımlara görə açıq şəkildə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkürünü bildirir. Azərbaycan və Ermənistan cəmiyyətləri, iqtisadi dairələri qarşılıqlı səfərlər edir, müvafiq nazirliklər gələcək iqtisadi modellər üzərində müzakirələr aparır, parlamentlərarası dialoqdan danışılır, perspektivlər müzakirə olunur. Belə bir fonda Avropa Parlamentinin heç bir hüquqi qüvvəsi olmayan, absurd və reallıqdan uzaq bəyanatlar qəbul etməsi açıq qərəz və qısqanclıq nümunəsidir. Azərbaycan Avropa Parlamentinin heç bir qərarı qarşısında hüquqi öhdəlik daşımır. Bu sənədlər sadəcə kağız parçasıdır və onların aqibəti hər kəsə məlumdur. Burada əsas problem Avropa Parlamentində təmsil olunan bəzi korrupsiyaya bulaşmış, merkantil maraqlara xidmət edən və regiondan anlayışı olmayan deputatların siyasi oyunlara alət olmasıdır. Bütün bunlar əslində Azərbaycanın artan gücünün və mövqeyinin etirafıdır. Bu qüvvələr hər vasitə ilə Azərbaycanın yüksələn təsir imkanlarına zərər vurmağa çalışırlar, lakin bu cəhdlər Azərbaycan tərəfindən qətiyyətlə rədd edilir və heç bir hüquqi-siyasi əsasa malik deyil. Əsas məsələ xalqın həmrəyliyi, dövlət gücünün davamlı şəkildə artırılması və hər bir vətəndaşın bu kimi hallarda ayıq-sayıq olmasıdır. Məhz bu amillər bizi zərərli fəaliyyətlərdən qoruyur və gələcəkdə də qoruyacaq.
- Ölkəmizdə Rusiyaya bağlılığı olan qrupların və şəxslərin zərərsizləşdirilməsi prosesi davam edir. Rusiyanın Azərbaycanda daxili təsir imkanları hazırda nə qədərdir?
- Rusiyanın Azərbaycana ciddi təsir mexanizmləri yoxdur. Bu təsir imkanları daha çox Ermənistana aiddir. Ermənistanın Rusiya ilə həm iqtisadi, həm də hərbi baxımdan dərin asılılığı mövcuddur. Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmaq istəsə də, iqtisadi baxımdan Rusiyadan imtina etməsi ölkəni defolt və tam iflas vəziyyətinə gətirə bilər. Bundan əlavə, Rusiyanın Ermənistanda ciddi hərbi mövcudluğu var. Müxalifət, vətəndaş cəmiyyəti və kilsə daxil olmaqla bir çox sahələrdə Rusiyaya bağlı təsir imkanları hələ də qalmaqdadır.
- Rusiya daxili təsir imkanlarından istifadə edərək, “zərərsizləşdirmə prosesi”ndən ölkə daxilində qarşıdurmanın yaradılması üçün istifadə edə bilərmi?
- Azərbaycanda Rusiyanın nə hərbi kontingenti, nə də real təsir rıçaqları mövcuddur. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu müqavilələr əsasında tənzimlənir. Azərbaycan Prezidenti Rusiyanın hər hansı təzyiq cəhdinə qarşı hər zaman qətiyyətli mövqe ortaya qoyub və milli maraqlardan çıxış edib. Bu da artıq hər kəsə məlumdur. Məhz buna görə də Rusiya zaman-zaman öz ərazisində yaşayan azərbaycanlılara, azərbaycanlı sahibkarlara və diaspor nümayəndələrinə qarşı dolayı təzyiq üsullarına əl atmağa çalışır. Lakin bu, Rusiyanın Azərbaycana real təsir mexanizminin olmadığını bir daha göstərir.
Azərbaycan bu gün qarşısına çıxan problemləri həll edib və bundan sonra da edəcək. Ölkəmiz Rusiya, İran, Gürcüstan, eləcə də ABŞ, Çin və Avropa İttifaqı kimi qlobal güclərlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq siyasəti həyata keçirir. Bu siyasət milli maraqlara xidmət edir və davamlı olacaq. Əgər hər hansı dövlət və ya qüvvə bu maraqları kənara qoyaraq Azərbaycana təzyiq göstərməyə və ya diktə etməyə çalışarsa, buna layiqli cavab veriləcək. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və dövlət siyasəti bunu açıq şəkildə ortaya qoyur. Azərbaycan sülhün, əməkdaşlığın və dostluğun tərəfdarıdır, lakin milli maraqlara zidd addımlar atıldığı halda öz prinsipial mövqeyini hər zaman nümayiş etdirir.
Tahirə Qafarlı