AZ

Bakı Dövlət Universitetində görkəmli pedaqoq Səidə İmanzadənin xatirəsi anılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 25 dekabr, AZƏRTAC

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Maarifçilik yolunda davamlı irs: Səidə İmanzadə–115” adlı tədbir keçirilib .

AZƏRTAC xəbər verir ki, görkəmli pedaqoq, Əməkdar müəllim Səidə İmanzadənin anadan olmasının 115 illiyinə həsr edilən tədbirin əsas məqsədi Azərbaycanda maarifçilik ənənələrinin davam etdirilməsi, onun zəngin pedaqoji irsinin gənc nəslə ötürülməsi, eləcə də qızların təhsilinin təşviqidir.

Əvvəlcə 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus J2-8243 təyyarəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Səidə İmanzadənin həyat və fəaliyyətindən bəhs edərək bildirib ki, onun həyat yolu bugünkü nəsil üçün nümunə olmalı, onların zəngin irsi mütləq şəkildə gənclərə ötürülməlidir. Onun sözlərinə görə, görkəmli pedaqoqların, alimlərin və ictimai xadimlərin fəaliyyəti illər keçsə də unudulmur, onların ideyaları və xidmətləri nəsillərin yaddaşında yaşayır. “Bu gün xatırladığımız şəxsiyyətlər təkcə keçmişin nümayəndələri deyil, onlar həm də bu günümüzün və gələcəyimizin mənəvi dayaqlarıdır”, – deyə o əlavə edib.

Rektor vurğulayıb ki, xüsusilə qadın maarifçilərin cəmiyyətin inkişafında rolu danılmazdır və onların həyat yolu gənc qızlar üçün örnək təşkil edir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, cəmiyyətin inkişafında qadınların və xüsusilə gənc qızların təhsilə çıxış imkanlarının genişləndirilməsi mühüm rol oynayır. “Bəzən elə düşünülür ki, müəyyən sosial problemlər artıq keçmişdə qalıb. Lakin reallıq göstərir ki, bu məsələlər bu gün də aktualdır və ardıcıl diqqət tələb edir. Regionlarda yaşayan, sosial baxımdan həssas vəziyyətdə olan qızların təhsilə cəlb olunması, onların şəxsi inkişafına dəstək verilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır”, – deyə Bahar Muradova qeyd edib.

Bahar Muradova deyib ki, tədbirin Səidə İmanzadənin 115 illiyi ərəfəsində keçirilməsi də rəmzi məna daşıyır: "Səidə xanımın fəaliyyəti sübut edir ki, təhsil yalnız bilik deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir. Onun irsi bu gün də gənc qızları öz üzərində çalışmağa, cəmiyyət üçün faydalı olmağa ruhlandırır”, – deyə Komitə sədri bildirib.

O vurğulayıb ki, qadınların ictimai həyatda fəal iştirakı, xüsusilə çətin dövrlərdə göstərdikləri fədakarlıq tarixən Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyətidir. “Bu gün də qadınlarımız müxtəlif sahələrdə məsuliyyət daşıyır, ölkənin inkişafına töhfə verirlər. Biz bu ənənəni qoruyub yaşatmalı və gələcək nəsillərə ötürməliyik”, – deyə Bahar Muradova əlavə edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Səidə xanım ömrü boyu uşaqların, gənclərin və xüsusilə qadınların maariflənməsi naminə böyük fədakarlıq göstərib. Onun sözlərinə görə, qarşılaşdığı çətinliklər heç vaxt bu ziyalı qadını yolundan döndərməyib, əksinə, daha böyük əzmlə çalışmağa ruhlandırıb.

“Azərbaycan qadınının azadlığı və cəmiyyətdə fəal mövqeyinin formalaşması istiqamətində Səidə xanımın xidmətləri əvəzsizdir. O, bu sahədə zəngin elmi-pedaqoji irs qoyub. Onun qələmə aldığı 75-dən artıq əsər, kitabça və maarifləndirici yazılar bu gün də aktuallığını qoruyur və yeni nəsillər üçün dəyərli mənbədir”, – deyə Hicran Hüseynova vurğulayıb.

Tədbirdə, həmçinin Səidə İmanzadənin tələbəsi olmuş, Milli Məclisin deputatı Anar İsgəndərov, Səidə İmanzadə haqqında "Nura boyanmış ömür" kitabının müəllifi, yazıçı-jurnalist Xeyrulla Ağayev, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Sonda Səidə İmanzadənin oğlu Mübariz İmanzadə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
azertag.az

1Mənbələr