Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı süni intellektlə “Səma qurbanları” adlı qısametrajlı film hazırlanıb.
Layihənin rəhbəri Azərbaycanın Əməkdar artisti Dilarə Əliyeva, filmin ssenari müəllifi Fariz Əliyev, süni intellektlə hazırlayan isə Sarvan Hüseyndir.
Videomaterialda faciə zamanı həlak olan Azərbaycanın Milli Qəhrəmanları - kapitan pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökümə Əliyeva və sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntüləri yer alıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.
Sözügedən videonu təqdim edirik: