AZ

Tullantıların çeşidlənməsinin ekoloji əhəmiyyəti nədir? - AÇIQLAMA

Ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadə müasir dövrün ən aktual çağırışlarındandır. Bu prosesdə tullantıların düzgün çeşidlənməsi və effektiv idarə olunması həm ekoloji tarazlığın qorunmasına, həm də iqtisadi baxımdan resurs itkisini azaltmağa xidmət edir.

Bu barədə ekoloq Rövşən Abbasov Missiya.Az-a danışıb.

"Tullantıların çeşidlənməsinin əsas məqsədi onların idarə olunmasını və təkrar emal prosesini asanlaşdırmaqdır. Kağız, şüşə, metal və plastik tullantılar ayrı-ayrılıqda toplandıqda, müvafiq emal müəssisələrinə yönləndirilərək yeni məhsullara çevrilə bilir. Üzvi tullantılardan gübrə hazırlanması və ya heyvanların yemlənməsində istifadə edilməsi mümkündür. Metal tullantılar isə əridilərək yenidən istehsal dövriyyəsinə qaytarılır",-ekoloq bildirib.

Rövşən Abbasovun sözlərinə görə, Azərbaycanda, xüsusilə Bakı və Sumqayıt şəhərlərində bu istiqamətdə ilkin addımlar atılıb. Müxtəlif rəngli tullantı qutularının quraşdırılması prosesin genişlənməsi üçün vacib infrastruktur elementi kimi ön plana çıxır. Tullantıların effektiv idarə olunmasında vətəndaşların rolu və ekoloji maarifləndirilməsi həlledici əhəmiyyət daşıyır. Məsələn, kağız üçün nəzərdə tutulmuş qutuya plastik və ya şüşə tullantıların atılması emal prosesini ciddi şəkildə çətinləşdirir. Eyni zamanda, istehsalçı məsuliyyəti də xüsusi diqqət tələb edir. Böyük şirkətlər (məsələn, Coca-Cola, Pepsi və s.) istehsal etdikləri plastik qabların toplanması və idarə olunmasına görə məsuliyyət daşımalıdırlar. Məhsulların həddindən artıq və kiçik həcmli qablaşdırmalarda satışına məhdudiyyət qoyulması tullantıların azalmasına müsbət təsir göstərə bilər.

Plastik torbaların ödənişli olması və bu qiymətlərin mərhələli şəkildə artırılması isə vətəndaşların plastikdən istifadəsini minimuma endirməyə kömək edən effektiv vasitədir.

"Azərbaycanın bəzi kənd rayonlarında, xüsusilə turistik ərazilərdə yerləşən otel və restoranlarda tullantıların idarə olunması infrastrukturu hələ də yetərli səviyyədə deyil. Bu tip müəssisələr üçün su, enerji və tullantıların idarə olunması ilə bağlı daha sərt tələblər müəyyən edilməli, qanunvericilik bazası gücləndirilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsində vətəndaşlar plastik, şüşə və metal qabları təhvil verərək əvəzində müəyyən məbləğdə vəsait və ya alış-veriş üçün kuponlar əldə edirlər. Bu cür stimullaşdırıcı mexanizmlərin Azərbaycanda da tətbiqi ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm addım ola bilər",- R.Abbasov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
58
missiya.az

1Mənbələr