AZ

2025-ci il məktəblərdə nə dəyişdi? - müəllimlərin gözü ilə…

2025-ci il Azərbaycan təhsili üçün dəyişikliklərin və yeni yanaşmaların ili kimi yadda qalır. Məktəbdən universitetə qədər bütün mərhələlərdə tətbiq olunan mexanizmlər və yenilənən proseslər sistemə fərqli dinamika gətirdi. Müəllimlərin sinifdəki fəaliyyəti daha çox görünməyə başladı, süni intellektin tədrisə inteqrasiyası isə təlim mühitində yeni imkanlar və suallar yaratdı.

Şagirdlərin dərsə münasibətində, məktəb mühitində sezilən dəyişikliklər və ali təhsildə keyfiyyət amilinin önə çəkilməsi diqqətdən yayınmadı. 

Bütün bunlar 2025-ci ilin təkcə prosedurların deyil, düşüncə tərzinin də dəyişdiyi bir mərhələ kimi dəyərləndirilməsinə səbəb olur.

Məhz buna görə də, AzEdu.az 2025-ci ilin təhsildə ən yadda qalan hadisələrinin müəllimlərin gözündə necə əks olunduğu ilə bağlı maraqlanıb.

“İlin gənc müəllimi” müsabiqəsinin qalibi Təranə Nuriyevanın sözlərinə görə, bu il təhsil sistemi bir daha sübut etdi ki, dəyişməmək artıq mümkün deyil:

174933

“Artıq 2025-ci ilin yekunlaşmasına sayılı günlər qalır. Geridə qoyduğumuz bu il təhsil ictimaiyyəti üçün adi bir tədris ili olmadı. Dəyişikliklər kağız üzərində qalmadı, siniflərdə, müəllim otaqlarında, valideyn görüşlərində və məktəb idarəçiliyində özünü açıq şəkildə göstərdi”.

İlin ən çox hiss olunan yeniliklərindən biri məktəblərin gündəlik fəaliyyətinin rəqəmsal mühitə daşınması oldu. 

“Rəqəmsal məktəb platforması bir çox prosesi asanlaşdırsa da, hər kəsi daha məsuliyyətli olmağa vadar etdi. Davamiyyətin, dərs yüklərinin və hesabatların vahid sistem üzərindən aparılması məktəb idarəçiliyində şəffaflığı artırdı. Qərarlar daha çox müşahidəyə və real göstəricilərə əsaslanmağa başladı. Kağız üzərində yazılan, lakin real həyatda izlənməyən proseslər tədricən arxa planda qaldı.

Elektron jurnal isə bu dəyişikliklərin valideynlərə ən tez çatdığı tərəf oldu. Əvvəllər ayın sonunda və ya iclaslarda öyrənilən məlumatlar artıq dərhal görünən hala gəldi. Valideyn övladının dərsdəki davamiyyətini, qiymətlərini və ümumi vəziyyətini izləyə bildikcə, prosesə münasibəti də dəyişdi. Müəllim üçün isə bu sistem hər verilən qiymətin arxasında izah və əsasın olmasını zəruri etdi. Bu, bəzən əlavə yük kimi görünsə də, uzunmüddətli baxışda qiymətləndirməyə daha ciddi və ədalətli yanaşmanı formalaşdırdı.

2025-ci ilin diqqətçəkən tərəflərindən biri də müəllimlərin beynəlxalq təlim və inkişaf proqramlarına daha geniş şəkildə cəlb olunması oldu. Müəllimlər ilk dəfə olaraq təkcə yerli deyil, beynəlxalq təcrübə ilə tanış olmağa, fərqli ölkələrin təhsil modellərini yerində öyrənməyə başladılar. Bu təlimlər müəllimə hazır reseptlər vermədi, lakin ona müqayisə aparmaq və öz dərsini, yanaşmasını yenidən düşünmək imkanı yaratdı. Ən önəmlisi isə müəllim öz peşəsini qlobal kontekstdə görməyə başladı.

Bu il fərqli olan məqamlardan biri də texnologiyanın dərs prosesinə daha düşünülmüş şəkildə daxil olması idi. Süni intellekt artıq uzaq gələcəkdən danışılan anlayış kimi deyil, müəllimin gündəlik işini asanlaşdıran alət kimi görünməyə başladı. Dərs planlarının hazırlanması, tapşırıqların şagird səviyyəsinə uyğunlaşdırılması və ilkin təhlillər müəllimə vaxt qazandırdı. Qazanılan vaxt isə şagirdlə daha çox ünsiyyətə, izaha və motivasiyaya sərf olundu. Əsas məqam da elə bu oldu: texnologiya müəllimi əvəz etmədi, onun işini daha məqsədli etdi.

Bütün bu proseslər müəllim obrazını da dəyişməyə başladı. Müəllim təkcə mövzunu izah edən deyil, öyrənmə prosesini düşünən, planlayan və istiqamət verən tərəfə çevrildi. Beynəlxalq təlimlər, rəqəmsal platformalar və yeni yanaşmalar müəllimi davamlı öyrənən peşəkar kimi formalaşdırdı. Bu isə bəzən rahatlıq zonasından çıxmağı tələb etdi və hər kəs üçün eyni dərəcədə asan olmadı.

Əlbəttə, problemlər də az olmadı. Texniki çətinliklər, adaptasiya məsələləri və rəqəmsal bacarıqlar arasındakı fərqlər hələ də müzakirə mövzusudur. Xüsusilə texnologiyanın məqsəddən kənar istifadəsi ilə bağlı narahatlıqlar qalmaqdadır. Amma bu il bir şeyi aydın göstərdi: geri dönüş yoxdur. Təhsil artıq köhnə üsullarla irəliləyə bilməz.

2025-ci il təhsil üçün bir keçid ili oldu. Bu il biz gördük ki, əsas dəyişiklik proqramlarda və platformalarda deyil, baxış bucağındadır. Texnologiya özü-özlüyündə məqsəd deyil, vasitədir. Düzgün istifadə edildikdə isə təhsili daha şəffaf, ədalətli və insan yönümlü edə bilir.

Bəlkə də bu ilin ən yadda qalan dərsi elə budur: təhsil dəyişdi və bu dəyişiklik artıq həyatın bir hissəsinə çevrildi”.

Ötən il “İlin gənc müəllimi” müsabiqəsinin qalibi Xəzri Muradov qeyd edib ki, bu il təhsildə keyfiyyət anlayışı kəmiyyətdən önə keçdi: 

174932

“2025-ci il Azərbaycan təhsil həyatı üçün dəyişikliklərin daha aydın hiss olunduğu, sistemin özünü yenidən qiymətləndirməyə başladığı bir il oldu. Bu il ərzində diqqətimi çəkən əsas məqam təhsildə keyfiyyət anlayışının tədricən kəmiyyətin önünə keçməsidir.

Eyni zamanda müəllim peşəsinin məsuliyyətinin və rolunun daha çox müzakirə olunduğunu gördük. Müəllimin sadəcə mövzunu izah edən deyil, şagirdin düşüncə tərzini formalaşdıran əsas fiqur olduğu fikri cəmiyyət daxilində daha geniş şəkildə qəbul olunmağa başladı.

Digər diqqətçəkən məqam isə valideynlərin təhsilə münasibətindəki dəyişikliklər oldu. Valideynlər artıq nəticədən çox prosesə, baldan çox bilik və bacarıqlara maraq göstərməyə başlayıblar.

2025-ci il mənim üçün həm də elmi-pedaqoji baxımdan xüsusi əhəmiyyət daşıdı. Bu il müəllifi olduğum “Monitorinq və qiymətləndirmənin ölçülər nəzəriyyəsi” adlı kitabım nəşr olundu. Bu əsər uzun illərin pedaqoji təcrübəsinin, müşahidələrin və elmi axtarışların nəticəsi kimi formalaşdı. Məqsədim müəllimlər və təhsil mütəxəssisləri üçün qiymətləndirmə prosesinə daha sistemli, ədalətli və elmi yanaşmanı ortaya qoymaq, monitorinq anlayışını praktik və anlaşılan müstəviyə gətirmək oldu.

Eyni zamanda, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi yeni layihələrlə yaxından tanış oldum, müasir yanaşmaları və metodikaları tədris prosesinə tətbiq etdim. Məqsədim elmi quru nəzəriyyə kimi yox, şagird üçün anlaşılan, əlçatan və maraqlı formada təqdim etmək oldu.

Qısacası, 2025-ci il mənim üçün nəticələr ili olmaqla yanaşı, ən çox da insana toxunduğum, talelərə ümid qatdığım, həm sinifdə, həm də kitab səhifələrində müəllim məsuliyyətini daşıdığım bir il kimi yadda qaldı”.

175055

“İlin gənc müəllimi” müsabiqəsinin qalibi Əlihüseyn Yaqubov 2025-ci ili həm müzakirələrin çox olduğu, həm də təzadlı bir dövr kimi xatırladığını bildirib:

“Bu il ilk dəfə şagirdlərimiz yerli və beynəlxalq olimpiadalarda medallar qazandılar. Həmçinin, AzEdu Təhsil Portalı və “Azərbaycan müəllimi” qəzetinin birgə layihəsi olan “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərindən biri oldum.

Süni intellektlə bağlı həyata keçirilən proqramları da qeyd etmək lazımdır. Artıq Azərbaycanda süni intellektin tətbiqi ilə bağlı geniş müzakirələr aparılır. Fikrimcə, bu istiqamət ölkə təhsilində yaxın gələcək üçün gözlənilən perspektivlərdən biridir.

2025-ci il təhsil dövrü yeniliklərin başladığı, lakin bir qədər də qarışıq bir dövr kimi yadda qaldı. Amma icma əsaslı təhsilin genişlənməsi və digər məsələlər baxımından bu ili gələcək inkişaf üçün vacib bir il hesab etmək olar.

Həmçinin ölkəmizdə keçirilən müxtəlif tədbirləri, forumları, eləcə də peşə təhsili ilə bağlı sərgiləri də xatırlatmaq lazımdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən təhsil proqramları, yeni tədrisə başlayan məktəblər də bu ilin diqqət çəkən məqamlarıdır. Eyni zamanda müəllimlərin tam ştatlı iş rejimində çalışmaları ilə bağlı aparılan müzakirələr də 2025-ci ilin mühüm təhsil hadisələrindən biri oldu.

2025-ci il həm müzakirələrin çox olduğu, həm də təzadlı bir dövr kimi yadda qaldı”.

Təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, bu il məktəb təhsilində böyük yeniliklər müşahidə olunmasa da, infrastruktur və keyfiyyət baxımından müəyyən təkmilləşmələr baş verdi:

174931

“2025-ci ildə təhsil sahəsində bir çox işlər görülsə də, imzalanmış qərarlar və çəkilən əziyyətlərə baxmayaraq, təəccüb və heyrət doğuracaq hər hansı bir böyük təhsil hadisəsinin şahidi olmadım. Bu, mənim subyektiv yanaşmamdır.

Doğrudur, 2025-ci ildə müəyyən sahələrdə təhsil üçün vacib işlər görüldü: hüquq, pedaqoji və metodoloji istiqamətlərdə addımlar atıldı, bəzi layihələr cəhd edildi, amma elə bir silsilə yenilik olmadı ki, təhsilin gedişatını ciddi şəkildə dəyişdirsin. Bununla belə, bir neçə məsələ xüsusi olaraq qeyd oluna bilər.

Birincisi, qəbul imtahanlarında qeydiyyatdan keçmiş abituriyentlərin sayı rekord həddə çatdı – 130 mindən çoxdur. Universitetə qəbul olan tələbələrin sayı da rekord səviyyəyə yüksəldi. Dövlət sifarişi ilə qəbul olunan tələbələrin sayı da tarixdə ən yüksək göstəriciyə nail oldu. Peşə təhsilində də əhəmiyyətli irəliləyişlər görüldü; qəbul mərhələləri genişləndirildi və cəmiyyətin diqqəti peşə təhsilinə artdı.

Bundan başqa, STEAM sahəsində keçirilən 2025 festivalı Azərbaycanda bu istiqamətdə təhsilin inkişaf proyeksiyalarını ortaya qoydu. Məktəb təhsilində böyük yeniliklər müşahidə olunmasa da, infrastruktur və keyfiyyət baxımından müəyyən təkmilləşmələr baş verdi. Özəl məktəblərdə şagirdlərin yerləşdirilməsi ilə bağlı qrant layihələri həyata keçirildi; 62 özəl məktəb bu layihədən faydalandı və Elm və Təhsil Nazirliyi də dəstək göstərdi.

Ali təhsil sahəsində isə 2025-ci il tarixdə UNEC əlamətdar oldu. QS reytinqinə görə, Azərbaycan ali təhsili Qafqaz regionunda birinci yer tutdu, tədqiqat göstəricilərində isə əhəmiyyətli irəliləyiş müşahidə olundu.

İlin təhsil hadisəsi olaraq həmçinin AzEdu.az portalını qeyd etmək olar. Oradakı əməkdaşlar təhsil proseslərinin ictimailəşdirilməsi və təhsilin şəffaflığı üçün yorulmaz fəaliyyət göstərdilər. Bundan əlavə, “Azərbaycan müəllimi” və “Təhsil TV” ilin mətbuat sahəsində təhsil adına əhəmiyyətli töhfələr verdilər.

2025-ci ilin sonunda isə tam ştatlı müəllim modeli ilə bağlı müzakirələr geniş rezonans doğurdu. Bu, ilin ən çox müzakirə olunan mövzusu oldu və cəmiyyətdə ciddi maraq yaratdı. Rəqəmlər və rəsmi hesabatlar göstərir ki, MİQ-lə bağlı dəyişikliklər, müəyyən təkmilləşdirmələr və yeni yanaşmalar 2025-ci ilin təhsil hadisəsi adlandırıla bilər”.

“Örnək müəllim” İlahə Hüseynova 2025-ci ili belə nəql edir:

174934

“2025-ci il Azərbaycan Respublikası üçün bir sıra mühüm yeniliklər və yadda qalan hadisələrlə əlamətdar oldu. Bu yeniliklər əsasən təhsil, sosial inkişaf, regional bərpa və idarəetmə sahələrini əhatə etdi.

İlk növbədə, azad edilmiş ərazilərdə – Şuşa, Xankəndi, Xocalı və digər bölgələrdə təhsil müəssisələrinin fəaliyyətə başlaması xüsusi əhəmiyyət kəsb etdi. Bu, həm təhsilin bərpası, həm də Böyük Qayıdış prosesinin real nəticəsi kimi yadda qaldı.

2025-ci ildə təhsil sahəsində aparılan islahatlar çərçivəsində müəllimlərin sertifikasiya prosesi də diqqət çəkdi. Nəticələr göstərdi ki, müəllimlərin peşəkar göstəricilərində əhəmiyyətli irəliləyişlər qeydə alındı və bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərdi.

Bundan əlavə, yeni məktəblərin və liseylərin açılması, təhsil infrastrukturunun yenilənməsi, rəqəmsallaşmanın genişləndirilməsi və idarəetmədə çevik mexanizmlərin tətbiqi 2025-ci ilin yadda qalan yenilikləri sırasında oldu.

Şəxsi peşəkar fəaliyyətim baxımından isə 2025-ci ilin ən önəmli hadisəsi rotasiya əsasında yeni təyinatım oldu. Ötən tədris ilində Samux rayon E. İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışırdım. Rotasiya nəticəsində Gəncə şəhərində yeni açılmış 41 nömrəli Təbiət və Humanitar Təmayüllü Liseyə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmağım mənim üçün böyük etimad və məsuliyyətdir. Bu təyinatı peşəkar inkişafımın yeni mərhələsi kimi qiymətləndirirəm.

Ümumilikdə, 2025-ci il Azərbaycan üçün inkişafın, bərpanın və gələcəyə yönəlmiş strateji addımların ili kimi yadda qaldı".

“Örnək müəllim” Turanə Abbasovanın sözlərinə görə, 2025-ci il onun üçün həm nailiyyət, həm də öyrənmə və gələcək hədəflər ili oldu:

174935

“2025-ci il mənim üçün təhsil yolunda həm məsuliyyətli, həm də dəyərli mərhələlərlə yadda qaldı. Xüsusilə sertifikasiya imtahanı və müsahibə mərhələsi il ərzində yaşadığım ən önəmli peşəkar təcrübələrdən biri oldu. Bu proses yalnız bilik və bacarıqlarımın yoxlanılması deyil, eyni zamanda özümü daha yaxından tanımaq, güclü və inkişaf etdirilməli tərəflərimi görmək baxımından mənə böyük töhfə verdi. Düşünürəm ki, bu mərhələ məni həm müəllim kimi daha məsuliyyətli, həm də məqsədlərinə inamla irəliləyən biri kimi formalaşdırdı.

İlin növbəti əlamətdar hadisəsi isə hər il böyük həvəslə hazırlaşdığımız Beynəlxalq SAF Festivalı oldu. Festival üçün görülən hazırlıqlar fiziki cəhətdən yorucu olsa da, nəticədə ortaya çıxan işlər, şagirdlərimin göstərdiyi səylər və inkişaf bu yorğunluğu tamamilə unudurdu. Final mərhələsinə yüksəlməyin yaratdığı həyəcan və orada iştirak etmək həm mənim, həm də şagirdlərim üçün ilin ən yaddaqalan anlarından biri oldu. Bu uğur şagirdlərimə özlərinə inanmağı, məqsəd uğrunda səbir və əzmlə çalışmanın nə qədər vacib olduğunu bir daha göstərdi və ilin sonunda hər birimiz üçün güclü motivasiya mənbəyinə çevrildi.

İlin sonuna doğru mənim üçün tamamilə yeni və fərqli bir istiqamət açıldı. İlk dəfə olaraq “Sabahın Alimləri” müsabiqəsi üçün layihələr hazırlamağa başladıq. Bu proses həm mənim, həm də şagirdlərim üçün yeni təcrübələr, yeni yanaşmalar və fərqli düşünmə bacarıqları qazandırdı. Araşdırma aparmaq, ideya formalaşdırmaq, komanda şəklində işləmək və fərqli mühitlərdə fəaliyyət göstərmək şagirdlərimin elmi maraqlarının artmasına, mənim isə müəllim kimi özümü daha da inkişaf etdirməyimə səbəb oldu.

Ümumilikdə, 2025-ci il mənim üçün yalnız nailiyyətlərlə deyil, həm də öyrənmə, təcrübə toplama və gələcək üçün daha böyük hədəflər müəyyənləşdirməklə yadda qaldı. Əldə etdiyimiz hər bir təcrübə, atdığımız hər bir addım həm mənim, həm də şagirdlərimin inkişaf yolunda möhkəm təməl oldu. Qarşıdakı dövrlərdə bu təcrübələri daha böyük uğurlara çevirmək və şagirdlərimlə birlikdə daha yüksək hədəflərə doğru irəliləmək ən böyük məqsədimdir.

2025-ci ili yola salarkən təhsillə bağlı ən dəyərli məqam odur ki, ümid hələ də canlıdır. Müəllimlərin söylədikləri göstərir ki, bu il çətinliklərlə yanaşı, kiçik, amma mənalı irəliləyişlərlə də yadda qaldı. Bəzən böyük dəyişikliklər yox, doğru istiqamətdə atılan addımlar daha çox dəyər daşıyır. 2025-ci il bitir, amma onun yaratdığı inam və gözləntilər yeni ilin yol xəritəsini formalaşdırır.

Bu il təhsil bir daha göstərdi ki, əsas yükü daşıyanlar yenə də sinif otaqlarında səssiz-sədasız çalışan müəllimlərdir. Məhz onların səbrlə gördüyü işlər gələcək dəyişikliklər üçün möhkəm zəmin yaradır və yeni ilə daha sağlam ümidlərlə baxmağa imkan verir”.

Seçilən
70
40
azedu.az

10Mənbələr