ain.az, 525.az saytına istinadən bildirir.
Azərbaycanda pərakəndə ticarət və əhaliyə xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar üçün vergi mühitinin yumşaldılması istiqamətində mühüm addım atılır. Belə ki, 2026-cı ildən etibarən ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlara 0.5 əmsal tətbiq etməklə iki dəfə artırılaraq 400 min manata çatdırılacaq. Həmçinin, eyni yanaşma vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı da tətbiq ediləcək. Belə ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı 100.000 manatdan çox olmadığı halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edə bilirdisə, 1 yanvar 2026-cı ildən etibarən ƏDV qeydiyyatının ləğvi zamanı vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə yeniləyir. Hazırkı qanunvericiliyə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.
Bu ödənişlər POS-terminal və elektron ödənişləri təşviq edir, həmçinin bildirilir ki, nağdsız işlədikcə vergi baxımından daha əlverişli şərait yaranır. Nağdsız dövriyyəyə üstünlük verilməsi gəlirlərin daha şəffaf uçotuna gətirib çıxarır. Bu isə uzunmüddətli perspektivdə kölgə iqtisadiyyatının daralmasına xidmət edir. Eyni zamanda rəqəmsal və nağdsız iqtisadiyyata keçidi sürətləndirir.
Xüsusilə regionlarda fəaliyyət göstərən xidmət və ticarət obyektləri üçün bu dəyişiklik biznesin davamlılığı baxımından əhəmiyyətlidir. Bu qərar həm sahibkarların maraqlarına cavab verir, həm də dövlətin uzunmüddətli iqtisadi strategiyası - rəqəmsallaşma və şəffaflıq hədəfləri ilə uzlaşır.
Bu dəyişiklik birbaşa ucuzlaşma yaratmasa da, qiymətlərin nisbətən sabit saxlanılmasına, qarşıdakı aylarda isə zəruri artım sürətinin azalmasına dəstək ola bilər. Başqa sözlə, bu güzəşt həmin sektorlar üzrə qiymət artımlarının gecikdirilməsi üçün kompensasiya mexanizmi rolunu oynaya bilər.
Eyni zamanda yenilik nağdsız ödənişləri daha da təşviq edəcək, dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın "ağardılmasına" xidmət göstərəcək. Ümid edək ki, bununla da nağdsiz ödəniş etmək istəyən müştəriyə "POS-terminalı təmirə göndərmişik" tipli şablon bəhanə cavablarının sayı azalacaq. Onların dövriyyəsi 200 min manatı keçsə də belə, 400 min manatdan az olduğu halda ƏDV ödəməyəcəklər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2400 manat təşkil edəcək: "İctimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli sadələşdirilmiş verginin məbləği 4 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 3200 manat təşkil edəcək.Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisi artdıqca, dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq".
Dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, dəyişikliklərə əsasən, pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə ƏDV qeydiyyat limiti 200 min manatdan 400 min manatadək artırılması ilə vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq: "Bu o deməkdir ki, gələn ildən etibarən sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması nəzərdə tutulur. Sadə dildə izah etsək, əgər hazırda 12 aylıq ardıcıl dövriyyəsi 200 min manatdan çox olan sahibkarlar 18.0 faiz əlavə dəyər vergisi (ƏDV) ödəyirlərsə, gələn aydan etibarən 400 min manatədək sadələşdirilmiş vergi ödəyəcəklər. Yəni onların dövriyyəsi 200 min manatı keçsə də belə, 400 min manatdan az olduğu halda ƏDV ödəməyəcəklər. Bu isə mikro sahibkarların vergi yükünün azalmasına gətirib çıxaracaq. Sadələşdirilmiş vergi əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanacaq. Beləliklə, sadələşdirilmiş vergi dərəcəsi 8 faizdən 6 faizə endiriləcək. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Pərakəndə ticarət və əhaliyə xidmət sektorunda tətbiq edilən yeni güzəştlər sahibkarların xərclərini azaldacaq. Bu isə onların qiymət azalmalarına getmələri üçün də iqtisadi əsas yaradır. Qiymətlərin necə dəyişəcəyi isə, təbii ki, sahibkarların qərarlarından asılı olacaq".
Dəyişiklik nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır
Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev bildirib ki, dəyişiklik nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır: "Pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız aparılan ödənişlərə 0,5 əmsal tətbiq edilir. Bu, həmin dövriyyənin ƏDV qeydiyyatı üçün yarı məbləğ kimi qəbul edilməsi deməkdir. Bu yanaşma sahibkarların nağdsız əməliyyatlarını faktiki dövriyyədən daha aşağı göstərici ilə ƏDV məqsədlərinə hesablanmasına imkan verir. Yeni qaydaların tətbiqi praktikada sahibkarlar üçün real güzəştlər yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində POS-terminal vasitəsilə 300 min manat nağdsız dövriyyəsi, əlavə olaraq isə 40 min manat nağd dövriyyəsi formalaşdığını nəzərə alaq. Bu halda sahibkarın ümumi dövriyyəsi 340 min manat təşkil edir. Mövcud yanaşmaya görə, bu məbləğ ƏDV qeydiyyatı üçün öhdəlik yaradır. Lakin yeni mexanizm çərçivəsində nağdsız dövriyyəyə 0,5 əmsal tətbiq olunduğundan, 300 min manatlıq nağdsız dövriyyə ƏDV məqsədləri üçün 150 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 190 min manat təşkil edir. Bu məbləğ 200 min manatlıq məcburi ƏDV qeydiyyatı həddindən aşağı olduğuna görə, sahibkarın ƏDV ödəyicisi kimi qeydiyyata alınması öhdəliyi yaranmır".
Bu mexanizm sadələşdirilmiş vergi sistemində fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli dəstək olacaq
Dəyişikliklər nəticəsində sahibkarlara demək olar ki, belə bir imkan yaradılır. Nağdsız qaydada 400 min manat dövriyyə apar, amma yenə də ƏDV ödəyicisi olma. Bu mexanizm sadələşdirilmiş vergi sistemində fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli dəstək olacaq: "Hazırkı qanunvericiliyə görə, vergi ödəyicisi ardıcıl 12 ay üzrə dövriyyəsi 100 min manatdan çox deyilsə, ƏDV qeydiyyatının ləğvi üçün müraciət edə bilər. Yeni yanaşma ƏDV qeydiyyatından çıxma prosesində də sahibkarlar üçün daha əlverişli şərait yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində 50 min manat nağd, 90 min manat isə POS-terminal vasitəsilə nağdsız dövriyyəsi formalaşıb. Bu halda ümumi dövriyyə 140 min manat təşkil etdiyindən, hazırkı qaydalara əsasən sahibkar ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ əldə etmir. Lakin yeni mexanizm tətbiq olunduqda nağdsız dövriyyə 0,5 əmsalla hesablanır və 90 min manatlıq dövriyyə ƏDV məqsədləri üçün 45 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda isə sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 95 min manat təşkil edir. Bu isə ona ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ verir. Nəticə etibarilə, nağdsız ödənişlərə tətbiq edilən 0,5 əmsal mexanizmi sahibkarların vergi yükünü azaltmaqla yanaşı, onların maliyyə əməliyyatlarını daha şəffaf və sistemli şəkildə aparmasına imkan yaradır. Bu islahat nağdsız dövriyyənin təşviqinə xidmət edir, sahibkarların fəaliyyətini yüngülləşdirir və dövlətin nağdsız iqtisadiyyatın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji hədəflərlə uzlaşır".
Sevinc QARAYEVA
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.