ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 dekabr, AZƏRTAC
“Xatirələrin Palitrası” yaddaşın rənglərdən ibarət olduğunu xatırladır. Çünki hər evdə bir sandıq var - bəzən görünər, bəzən də görünməz. Açılanı da olur, heç vaxt açılmayanı da. Amma onların hər biri susaraq danışmağa davam edir.
Bu fikirləri Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Hüseynova AZƏRTAC-ın əməkdaşı ilə söhbətində deyir. “Bəzən adi görünən bir əşya yaddaşın, zamanın və hisslərin daşıyıcısına çevrilir. Uşaqlığımda nənəmgilin evinin ən sakit küncündə dayanan bir sandıq kimi. Başqaları üçün sadə bir dəmir sandıq olan bu əşya mənim üçün danışan, amma səsini yalnız sakitlikdə eşitdirən bütöv bir dünya idi.
Nənəm sandığı nadir hallarda açardı. Açıldığı an otağın havası dəyişərdi. Sandığın özünəməxsus qoxusu, köhnə parçaların sərin toxunuşu və açarın çıxardığı o incə, xatirə dolu səs insanı tamam başqa bir duyğulu məkana aparardı. Sandıq sanki tələsik baxışları sevmirdi. “Bir az sakit ol, indi xatirələr danışacaq”, - deyirdi.
Sandığın içindəki əşyalar da adi deyildi. Orada bir köhnə güzgü vardı - üzümü yox, zamanın özünü göstərən. Bu əşyalar funksiyalarına görə deyil, yaratdıqları hisslərə görə yaşayırdı. Onlar xatirə idi, səssiz şahid idi, ötürülməyən cümlələrin qoruyucusu idi”, - deyə o bildirir.
Rəssam xatirələrinə davam edir: “İllər keçdi. Mən böyüdüm. Maraqlıdır ki, nənəm də, sandıq da eyni qaldı. Zaman onları dəyişmədi, sadəcə mənim baxışım dəyişdi. Bu gün anlayıram ki, o sandıq nənəmin həyatının səssiz arxividir. Danışılmamış xatirələrin, qorunmuş hisslərin və dilləndirilməmiş düşüncələrin toplandığı bir yaddaş məkanıdır.
Məhz bu anlayış məni sandığı incəsənət obyektinə çevirməyə gətirdi. Mən onu olduğu kimi yox, uşaqlıqda gördüyüm kimi təsvir etdim. İllüstrasiyalarımda realizm deyil, yaddaş əsasdır. Çünki uşaq üçün əşyalar sadəcə obyekt deyil. Onlar canlı varlıqlar kimi danışırlar, susurlar, baxırlar və gözləyirlər.
Bu iş mənim üçün sadəcə nostalji deyil, keçmişə baxmaq cəhdi də deyil. Bu, nənəmlə, uşaqlığımla və bugünkü özümlə eyni anda qurulan bir dialoqdur. Hər xətt, hər forma, hər boşluq bu dialoqun bir parçasıdır”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.