Rusiyada alimlər sınıq və sümük zədələrinin daha sürətli sağalmasını təmin edə biləcək yeni nəsil implant materialı hazırlayıblar. Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNİPU) tədqiqatçıları maqnezium fosfatları əsasında yüksək məsaməli “ağıllı” materialın əldə edilməsi metodikasını işləyib hazırlayıblar.
Redaktor.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, 50 yaşdan sonra sınıq riski xeyli artır: gələcəkdə qadınların təxminən yarısı, kişilərin isə hər beşindən biri bu problemlə üzləşir. Belə hallarda sümüklərin bərpası üçün tez-tez implantlardan müvəqqəti dayaq karkaslarından istifadə olunur.
Hazırda klinik praktikada əsasən kalsium fosfatları əsasında hazırlanan implantlara üstünlük verilir. Lakin bu materiallar çox ləng həll olur, bəzən illərlə orqanizmdə qalır və bərpa prosesində aktiv rol oynamır. Alimlər alternativ olaraq maqnezium fosfatlarını təklif edirlər. Bu maddələr daha tez həll olunur və maqnezium ionları ifraz edərək zədələnmiş nahiyədə sümük və damar toxumasının böyüməsini stimullaşdırır.
Perm alimləri maqnezium və fosfor tərkibli struvit birləşməsinin sintezi üçün yeni üsul hazırlayıblar. Termik emal zamanı materialın tərkibindən su və ammonyak çıxarılır və onun daxilində geniş nanoməsamələr sistemi formalaşır. Bu texnologiya implantlar üçün yararlı olan, həqiqətən yüksək məsaməli strukturun əldə edilməsinə imkan verir.
Yeni materialın daxili səth sahəsi 1 qramda 266 kvadrat metrə çatır. Bu isə onu həm hüceyrələrin böyüməsi üçün əlverişli karkas, həm də antibiotiklər və böyümə faktorları kimi dərman maddələrinin tədricən ifraz edildiyi “ağıllı” konteynerə çevirir. Dərmanlar birbaşa sınıq nahiyəsində təsir göstərərək müalicənin effektivliyini artırır.
PNİPU-nun “Kimya və biotexnologiya” kafedrasının dosenti İrina Permyakovanın sözlərinə görə, böyük səth sahəsi hüceyrələrə minlərlə yapışma nöqtəsi yaradır və implantın sümük toxuması ilə birləşməsini sürətləndirir. Eyni zamanda, məsaməli struktur dərmanların uzunmüddətli yerli çatdırılmasına imkan verir və tablet və iynələrə olan ehtiyacı azalda bilər.
Bu inkişaf Rusiyada yeni nəsil bioparçalanan sümük implantlarının yaradılmasına yol açır. Belə materiallar itirilmiş sümük fraqmentini sadəcə əvəz etmir, həm də bərpa prosesini aktiv şəkildə idarə edərək sınıqların, osteoporozun və mürəkkəb cərrahi əməliyyatların nəticələrinin müalicəsinin səmərəliliyini artırır.
Nuriyyə NATİQQIZI