Suriyanın təhlükəsizlik qüvvələri ilə ABŞ-nin rəhbərlik etdiyi Beynəlxalq Antiterror Koalisiyasının birgə əməliyyatı nəticəsində paytaxt Dəməşqdə İŞİD terror təşkilatının üzvü, “Əbu Ömər Tayyibə” kod adı ilə tanınan və özünü “Dəməşqin valisi” adlandıran Taha əz-Zubi saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Əl-İxbariyya” telekanalı Daxili İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata əsasən, onunla birlikdə bir neçə köməkçisi də tutulub. Onların üzərində intihar kəmərləri aşkar edilib.
Dəməşq ətrafı rayonların Daxili Təhlükəsizlik Xidmətinin komandanı Əhməd Dalati isə SANA agentliyinə bildirib ki, Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi və koalisiya qüvvələri Muəddəmiyyə bölgəsində İŞİD hücrəsinə qarşı birgə əməliyyat aparıblar. Əməliyyat uzun müddət davam edən müşahidələrdən sonra həyata keçirilib.