Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarixi Zəfərdən davamlı inkişafa” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdən öncə Milli Aerokosmik Agentliyinin inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Milli Aerokosmik Agentliyinin Müşahidə Şurasının sədri Natiq Cavadov, Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır. Ulu Öndərin milli maraqlara əsaslanan uzaqgörən siyasəti Azərbaycanın müstəqil dövlət kimi tərəqqisini təmin edib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ümummilli Liderin dövlətçilik irsini müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək uğurlu siyasət həyata keçirməklə ölkəmizə tarixi nailiyyətlər qazandırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək siyasi nüfuzu, iqtisadi qüdrəti, hərbi gücü ilə nəinki regionda, bütün dünyada söz sahibinə çevrilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.