Mənzil məsələlərində tez-tez rast gəlinən problemlərdən biri də həmin ünvanda qeydiyyatda olan şəxslərlə bağlıdır. Xüsusilə bir mülkiyyətdə bir neçə nəfərin qeydiyyatda olması sonradan mənzil sahibi üçün çətinlik yarada bilər. Bəs digər şəxslərin qeydiyyatdan çıxarılması necə həyata keçirilir? Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bir şəxsin müəyyən ünvanda qeydiyyatda olması ona həmin mənzildə yaşamaq hüququ yaradır. Onun sözlərinə görə, qeydiyyatdan çıxma iki formada həyata keçirilir: birincisi şəxsin könüllü şəkildə başqa ünvana qeydiyyata düşərək əvvəlki ünvandan qeydiyyatdan çıxması; ikincisi isə mülkiyyət sahibinin məhkəmədə qaldırdığı iddia əsasında şəxsin məhkəmə qaydasında qeydiyyatdan çıxarılmasıdır: “Əgər mənzil yeni sahib tərəfindən alınıbsa və mənzildə əvvəlki dövrdən qeydiyyatda olan şəxslər qalırsa, bu halda mənzil alqı-satqısı notarial qaydada rəsmiləşdirilərkən qeydiyyatda olan şəxslərin satışla bağlı razılığı, eləcə də onların qeydiyyatdan çıxacaqları müddətə dair öhdəlikləri mütləq şəkildə notarial qaydada tələb edilməlidir”. E.Fərzəliyev qeyd edib ki, əgər mənzildə qeydiyyatda olan şəxslər könüllü şəkildə qeydiyyatdan çıxmırlarsa və mənzil sahibi onları qeydiyyatdan çıxarmaq istəyirsə, bu zaman məhkəməyə müraciət edilməlidir: “Məhkəmə qaydasında həmin şəxslərin qeydiyyatda olduqları ünvana məhkəməyə çağırış məktubları göndərilir. Əgər çağırışlara bir neçə dəfə cavab verilməzsə və şəxslər məhkəmə iclaslarına gəlməzsə, məhkəmə qərarı əsasında onlar həmin ünvandan qeydiyyatdan çıxarıla bilərlər”. Sevinc İbrahimzadə / Metbuat.az