AZ

Ağdamdakı “ev tapşırıqları” və

ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bəzi paytaxtlar sevincək olmuşdular. Düşünürdülər ki, Azərbaycan Ermənistan taxılına yol açdısa, yaxud Azərbaycan yanacağı Ermənistanın yancaqdoldurma məntəqələrində satışa çıxarıldısa, demək, işğal dövrünün cinayətlərini də qapatmaq, unutdurmaq mümkün olacaq. Amma Prezidenti İlham Əliyevin özünün doğum günündə, dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində söylədikləri birilərinin arzu-düşüncələrini darmadağın etdi.

Çıxışın ana xətti bundan ibarət idi: bəli, biz Zəfər qazanmışıq, torpaqlarımızı azad etmişik, quruculuq işlərinə başlayıb, Böyük Qayıdışı həyata keçiririk, əbədi bu torpaqlarda yaşayacağıq, amma və lakin başımıza gətirilənləri heç zaman unutmayacağıq, unuda bilmərik! Əks halda, 50-100 il sonra, 30-70-100 il əvvəl olduğu kimi dəhşətli fəlakətlərlə üzbəüz qala bilər gələcək nəsillərimiz! Xatırladılan cinayət faktları, acı gerçəkliklər heç də düşmənçilik toxumunun səpilməsi deyil, özünümüdafiə, təhlükəsizlik konsepsiyasını ən vacib kompanentlərindəndir.

Cənab Prezident Ermənistanın Azərbaycana qarşı talançılıq siyasətindən danışarkən bildirdi ki, işğal dövründə Ağdam urbisidə məruz qalıb. Ötən əsrin 60-cı illərində yaranmış “Urbisid” termini Latın dilindən “şəhərə qarşı zorakılıq” kimi tərcümə olunur. Əslində bir şəhərin öldürülməsi, qətlə yetirilməsi anlamını da verir. Ağdamı necə qətlə yetirmişdilərsə, elə... Düzdür, bu termin daha çox 1990-cı illərin əvvəllərində Sarayevo (Bosniya və Herseqovina) hadisələrindən sonra geniş şəkildə istifadə olunmağa başlayıb. Amma o zaman beynəlxalq miqyasda bizim Ağdamı yada salmağa həvəsli deyildi çoxları. Özümüz deyib, özümüz ağlayırdıq, “ruhlar şəhəri”mizə...Erməni canilər o boyda Ağdamdan təkcə Cümə məscidinin minarələrini saxlamışdılar, kameralar yerləşdirib, ətraf əraziləri müşahidə altında saxlamaqdan ötrü. Şəhərdən böyük Qarağacı qəbristanlığı kimi and yerimizi yer üzündən silmişdilər, qızıl diş axtaran vandallar məzarların altını üstünə çevirmişdilər. Sanki bu şəhərə atom bombası atılmışdı. Prezidentin söylədiyi kimi, bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, Azərbaycana qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Sözsüz ki, məqsəd talançılıq, bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək, bu torpaqları yaşayışın mümkün olmayacağı əraziyə çevirmək idi. Erməni işğalçılar Ağdamda hansısa “Tiqran”ın başını axtarırdılar, şəhərimizin adını da dəyişməyə cəhd göstərirdilər – “Tiqranakert” kimi əcaib yarlıq da düşünmüşdülər. Vaxtaşırı Ağdam ərazisində arxeoloji qazıntılar aparıb, saxta “eksponat”lar nümayiş etdirirdilər, bu ərazilərin “qədim ermənilərə məxsus olduğunu” əbləhcəsinə iddia etməkdən ötrü. Amma özləri də bilirdilər ki, nəinki Ağdamın, heç ümumilikdə Qafqazın hay tayfasına dəxli yoxdur, onlar sadəcə gəlmələrdir, “qovulub cənnətə düşənlər”dir. Ermənistanın işğalçı ordusunun Ağdamda hərbi təlimlər keçirməsini də unutmamışıq. Düşmən ordusu Uzundərə adlanan ərazidə, Şahbulaq yüksəkliyi istiqamətində ağır atıcı silahlar və hərbi texnikaların iştirakı ilə hərbi təlimlər keçirir, bizim ürəyimizə dağ çəkdiklərini zənn edirdilər. Amma Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan Ordusu düşmənə elə bir dağ çəkdi ki...

2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Kapitulyasiya aktına imza atmağa vadar olan düşmən daha iki rayonumuzla birlikdə, Ağdamı da döyüşsüz təhvil vermək məcburiyyətində qaldı. Düzdür, Ağdam minalarla, mərmilərlə ən çox çirkləndirilmiş bölgələrimizdəndir, bu ərazidə xeyli sayda vətəndaşımız, hərbçimiz minaların qurbanı olublar, bu gün də azacıq ehtiyatsızlıq faciələrə gətirib çıxara bilər. Necə ki, Vətən müharibəsindən sağ-salamat qayıdan qəhrəman döyüşçülərimiz arasında da mina qurbanları oldu. Amma bütün bu faciələrə baxmayaraq, işğaldan azad olunmuş digər ərazilərimizlə yanaşı, Ağdama Böyük Qayıdışa başlanılması möhtəşəm tarixi hadisədir. Ermənistan gələcəkdə bu ərazilərdə yaşayışa imkan verməmək üçün torpaqlarımızın kütləvi şəkildə minalanmasını həyata keçiridi. Hətta 44 günlük müharibədən sonra Ermənistan istehsalı olan minaların Rusiya hərbçilərinin müşayiəti ilə Qarabağa daşınması barədə faktlar da ifşa olundu. Ermənistan və Qarabağdakı keçmiş separatçılar bizim öz torpaqlarımıza yolumuzu kəsmək, buna nail ola bilmədikdə, bizi piyada əleyhinə minalarla ən azı əl-ayağımızdan məhrum etmək istəyirdilər. Müharibədən sonra 400 nəfərdən artıq mina qurbanımızın olması da bu, alçaq planın nəticəsidir. Amma Ağdam daxil, bir çox rayonlarımızda “Ohanyan səddi” tikənlərin bütün planları darmadağın edildi və budur, Ağdam şəhəri sakinlərini bağrına basır!

Prezidenti və Birinci xanımı öz doğma yurdlarında qarşılayan, ona xoş sözlərini deyən sakinlərin çöhrəsindəki sevinc hissi, məmnunluq, minnətdarlıq böyük qələbəmizin yaratdığı reallığın mənzərəsidir. İnsanlarımız xoşbəxt həyata başlayırlar. Ermənistanın işğalçı siyasəti nəticəsində bu ərazilərdə mədəni irsimizin silinməsi, müqəddəs yerlərimizin, məscidlərimizin təhqir olunması, tikililərin sökülərək qiymətli materialların Ermənisatana və digər ölkələrə daşınması, Azərbaycanın təbii sərvətlərinin - meşələrin, qızıl və digər yataqların, mineral mədənlərin və s. talanması barədə saysız-hesabsız faktlar var. Amma bu prosesdə Ermənistan tək deyildi, əslində onun təkbaşına bu qədər cinayətləri həyata keçirməsi də mümkünsüz idi. Qərb şirkətlərinin Azərbaycanın işğal altında olan ərazilərindəki fəaliyyəti, Azərbaycanın milli sərvətlərinin talanmasında iştirak etmələri də faktdır. Amma bu günə kimi onlara qarşı hər hansı tədbir görülməməsi suallar doğurur. Təsadüfi deyil ki, dövlətimizin başçısı bu məsələyə xüsusi diqqət çəkdi. Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycanın işğal altında olan ərazilərində istehsal edilmiş məhsullar Rusiya, Avropa bazarlarına çıxarılırdı. Əksər hallarda bu məhsulların üzərində Ermənistan istehsalı yazılsa da, onların mənşəyi bəlli idi və buna qarşı heç bir tədbir görülmürdü. Əldə olunan gəlir isə separatçı rejimin öz ömrünü uzatmasına yönəldilirdi. Xarici şirkətlərin Azərbaycanın işğal olunan  ərazilərində fəaliyyəti, separatçı rejimin cinayətkar rəhbərləri ilə birgə biznes qurmaları da unudula bilməz. Milyardlarla dollarlıq sərvətlərimiz talan edilib. Cavab verməyəcəklərmi? Şübhəsiz ki, bir gün onların da qapısı döyüləcək, hesab sorulacaq. Məhz həmin “qiyamət günü”ndən yayınmaq üçün yenə də ortalığı qarışdırmaq istəyirlər. Təkcə Ruben Vardanyan və digər separatçıların nümunəsində görün nə qədər cinayət faktları aşkarlandı. 30 il ərzində torpaqlarımızı “torba ilə daşıyanlar” var ki, onlar da səksəkədədirlər. Qarabağa qanunsuz səfər edənlərdən tutmuş, qanunsuz sərvət qazananlara qədər hər kəs məsuliyyət daşıyır bu işğalda. Həmin çevrələr İlham Əliyevin gücündən və qətiyyətindən xəbərdar olduqları üçün çox narahatdırlar və Ermənistana göstərilən dəstək də suların durulmaması üçün qoyulan investisiyadır.

Məhz buna görədir ki, Azərbaycanın zəfərini həzm edə bilməyənlər son ayda yenidən fəallaşıblar. Avropa İttifaqının Ermənistanla imzaladığı sənəddə Azərbaycana qarşı mənfur mövqelərin əksini tapması, Avropa Parlamentindən anti-Azərbaycan qətnamənin yayılması kimi hallar bəlli paytaxtların hələ də “daşı ətəkdən tökmək” niyyətində olmadıqlarını göstərir. Unutmamışıq, Qarabağdakı cinayətlərin baş müəlliflərindən olan Robert Köçəryanın, Serj Sərkisyanın Avropa paytaxtlarında, ABŞ-də yuxarı başa çıxarılmasını. Avropa İttifaqı Xocalı soyqırımına rəhbərlik etmiş bu qatilləri qolubağlı Beynəlxalq Tribunala verməkdənsə, onların işğalçı, terrorçu, separatçı fəaliyyətinə ənam verirdi. Avropa Şurasının tribunasından torpaqlarımızın ilhaqında, yaxud mətbuata açıqlamasında Xocalı soyqırımında iştirakını etiraf edənlərə, Xocalı aeroportunun “ilk sərnişini” olacağı vədini verənlərə qucaq açırdı “demokratik” Qərb. Avropada, Amerikada təşkil olunan telemarafonlarda milyonlarla toplanırdı, ikinci erməni dövlətinin yaradılması naminə. Prezident İlham Əliyev Ermənstanın işğalçılıq siyasətinə göstərilən iqtisadi-maliyyə dəstəyindən, Qarabağdakı qondarma rejimin ABŞ-da, Fransada maliyyə marafonları təşkil etməsi, böyük miqdarda maliyyə vəsaiti toplamasından əbəs yerə bəhs etmədi. Minatəmizləmə ad altında ABŞ Konqresinin hər il 10 milyon dollar həcmində separatçı rejimə dəstək verməsi da danılmaz faktdır və keçmiş administrasiyanın tərcümeyi-halına qara hərflərlə yazılıb. Üstəlik, torpaqlarını işğaldan azad etmək isəyən Azərbaycana qarşı sanksiya qərarı qəbul edildi, korrupsiyalaşmış senator-konqresmenlərin, erməni lobbisinin fəaliyyəti nəticəsində.

Bütövlükdə Qərb dünyasının adına utancverici faktlardır! Yeri gəlmişkən, məhz bu ikili standartlar Ukraynanı fəlakətlər girdabına sürükləyib, çünki təməl-prinsipdə ədalət yoxdur. Dövlətimizin başçısı müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatlarının Qarabağdakı separatçı rejimə maliyyə yardımları göstərməsini, həmin ölkələrin rəsmi dairələri tərəfindən buna heç bir maneçilik törədilməməsini, əksinə şərait yaradılmasını həm də ona görə xatırlatdı ki, bu gün də ənənəvi siyasəti davam etdirənlər var. Son zamanlar Ermənistana müxtəlif adlar altında milyonlarla dollar, avro vəsait ayrılıb. Niyə? Bəlkə Ermənistan işğaldan əziyyət çəkib, bəlkə dağılan, yer üzündən şəhərləri var, onları yenidən qurmaq istəyir...Azərbaycan 5 il ərzində şəhər və kəndlərimizin bərpa və tikintisinə 22 milyard manat vəsait xərclənib. Hələ qarşıda nə qədər tikintilər, xərcələnəcək vəsaitlər var...Bu zərəri ölkəmizə vuran ölkəyə yardım göstərilməsində məqsəd nədir: bəlkə yenidən revanşa hazırlamaq istəyirlər? Əgər belədirsə, Azərbaycan ona da hazırdır. Təsadüfi deyil ki, Prezident “Ayıq olmalıyıq, daim güclü olmalıyıq”, ismarıcını, həm də özümüzə “ev tapşırığı”nı verdi. Ardınca da bunları bildirdi: “Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”.

Bəli, potensial düşmənlərdən söhbət gedir. Deməli, sülhün nəinki paraflanması, heç imzalanmasından sonra da arxayın olmamalıyıq. Söhbət həm də potensial düşmənlərimizdən gedir! Nicatımız həm də bir neçə dəfə güclü olmağımızdadır! 

Elşad Paşasoy

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
yeniazerbaycan.com

10Mənbələr