Hədiyyəni ucuz hesab edən keçmiş deputat işçiləri maaş verməməklə hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Kuzbassdan olan keçmiş deputat və iş xanımı işçilərinin ona aldığı “təvazökar” hədiyyədən qəzəblənib. Söhbət Prokopyevsk şəhər şurasının keçmiş deputatı və “Kurinnaya lavka” mağazalar şəbəkəsinin sahibi Nadejda Kolosovadan gedir.
Şəbəkənin işçiləri müdirlərinə Yeni il hədiyyəsi almaq üçün aralarında hərəyə 1500 rubl (təxminən 25 manat) pul yığıblar. Lakin sahibkar xanım bu jesti təhqir kimi qəbul edib və işçiləri sərt şəkildə danlayıb.
Kolosova işçilərə ünvanladığı video mesajda deyib:
“Biabırçılar! Min beş yüz rubl! Siz bu qədər böyük maaş alırsınız və direktora cəmi 1500 rubl yığırsınız? Heç kim maaşını qəbzlə almayacaq, şəxsən mənim əlimdən alacaqsınız. Gedin o pula özünüzə nəsə, məsələn, iylənmiş bir tort alın”.
İşçilərin şikayətinə görə, Kolosova onlardan Prokopyevskdəki digər kollektivlə eyni səviyyədə olmaq üçün daha çox pul xərcləmələrini tələb edib. Məlum olub ki, digər filialın əməkdaşları müdirə hədiyyə üçün hərəyə 3 min rubl (təxminən 51 manat) yığıblar.
Xuraman Etibarlı
İnterpress.az