AZ

Aptekdə reseptsiz satılan bu vasitələr TƏHLÜKƏLİDİR

Son illər dəri xəstəlikləri ilə bağlı şikayətlərin artması diqqət çəkir.

 

Xəbər verilir ki, apteklərdə və qeyri-rəsmi satış nöqtələrində geniş şəkildə təklif olunan kosmetik vasitələr və mazların keyfiyyəti bu artımın əsas səbəblərindən biri kimi göstərilir. Tərkibi və mənşəyi dəqiq məlum olmayan məhsulların istifadəsi dəri sağlamlığı üçün ciddi risklər yaradır. Bazarda satılan bəzi kosmetik məhsulların üzərində istehsalçı, tərkib və istifadə qaydaları barədə məlumatlar ya natamamdır, ya da ümumiyyətlə mövcud deyil. Xüsusilə sosial şəbəkələr vasitəsilə satılan məhsulların böyük hissəsi rəsmi qeydiyyatdan keçmədən istehlakçılara təqdim olunur.

 

Apteklərdə reseptsiz satılan bəzi mazların geniş istifadəsi də diqqət çəkən məqamlardandır. İstifadəçilər bu məhsullara sürətli nəticə əldə etmək ümidi ilə müraciət edir, lakin uzunmüddətli istifadə zamanı dəri problemləri daha da dərinləşir. Ucuz məhsullar, yüksək risklidir. Keyfiyyətsiz kosmetik vasitələrin əsas üstünlüyü onların ucuz və asan əldə olunmasıdır. Qiymət fərqi istehlakçıların seçimində həlledici rol oynayır. Lakin aşağı qiymətli məhsulların tərkibində dərini qıcıqlandıran və allergik reaksiyalara səbəb olan maddələrin olması riski yüksəkdir.

 

Sosial şəbəkələrdə sürətlə yayılan reklamlar və “qısa müddətdə effekt” vədləri bu məhsullara marağı artırır. Vizual nəticələrə əsaslanan paylaşımlar istehlakçıları məhsulun təhlükəsizliyini yoxlamadan istifadəyə sövq edir. Bu reklamların əksəriyyəti rəsmi tibbi təsdiqə malik deyil. Kosmetik məhsulların idxalı, satışı və dövriyyəsi üzərində nəzarət mexanizmləri yetərli səviyyədə işləmir. Məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının olmaması və istifadə təlimatlarının qeyri-müəyyənliyi istehlakçı üçün əlavə risk yaradır.

 

Əksər hallarda dəri problemləri yaranan zaman həkimə müraciət edilmədən müxtəlif mazlar sınaqdan keçirilir. Bu isə problemin səbəbinin müəyyənləşdirilməsini çətinləşdirir və vəziyyəti daha da ağırlaşdırır. Keyfiyyətsiz kosmetika və mazların nəzarətsiz istifadəsi dəri problemlərinin artmasına zəmin yaradır. Bu məsələ həm bazar nəzarəti, həm də istehlakçı davranışı baxımından ciddi boşluqların mövcudluğunu ortaya qoyur. Mövcud vəziyyətin dəyişməsi üçün məhsul dövriyyəsinə nəzarətin gücləndirilməsi və ictimai maarifləndirmənin artırılması zəruri görünür.

 

Niyaz Hacıyev


Seçilən
8
1
azia.az

2Mənbələr