AZ

İsraildə Milad tədbirində Şaxta baba geyimində olan fələstinli saxlanılıb

BAKI, 26 dekabr. TELEQRAF

İsrail polisi Hayfa şəhərində keçirilən Milad şənliyi zamanı Şaxta baba (Santa Klaus) geyimində olan fələstinli şəxsi saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə fələstinli vətəndaşların hüquqlarını müdafiə edən "Mossawa Center" məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları Milad bayramına həsr olunmuş tədbiri dayandırıb, avadanlıqları müsadirə edib, həmçinin Şaxta baba geyimində olan şəxslə yanaşı, bir DJ və küçə satıcısını da həbs edib. Sosial şəbəkələrdə yayılan videolarda polis əməkdaşlarının saxlanılan şəxsləri yerə yıxaraq qandalladığı görünür.

İsrail polisi açıqlamasında bildirib ki, Şaxta baba geyimində olan şəxs saxlanılarkən müqavimət göstərib və polis əməkdaşına hücum edib.

"Mossawa Center" isə bəyan edib ki, polis həddindən artıq gücdən istifadə edib və tədbir məhkəmə qərarı olmadan dayandırılıb.

Həbslər fələstinlilərin Milad bayramını qeyd etdiyi bir vaxta təsadüf edib. Qeyd olunur ki, bu il Qəzzada müharibə başlayandan sonra ilk dəfə Beytləhimdə Milad tədbirləri keçirilib. Şəhərdə yürüşlər təşkil olunub, Kilsədə ibadətlər keçirilib, uşaqlar Milad mahnıları oxuyub.

Eyni zamanda, Qəzzada davam edən müharibə fonunda İsrailin hücumları bayram günlərində də davam edib. Fələstin mediası İsrail əsgərlərinin və məskunlaşanların İordan çayının qərb sahilində bir sıra yaşayış məntəqələrində basqınlar həyata keçirdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl Roma Papası Leo Milad müraciətində Qəzzadakı ağır humanitar vəziyyəti pisləyərək, mülki əhalinin çəkdiyi əzablara diqqət çəkmişdi.

Seçilən
33
teleqraf.com

1Mənbələr