AZ

Bayram günlərində necə qidalanmalı? – AÇIQLAMA

Yeni il bayramı bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yüksək səviyyədə qeyd olunur. Yemək növlərinin zənginliyi ilə tanınan Azərbaycan mətbəxi bayram günlərində daha bol və müxtəlif çeşidlər təqdim edir.

 

Bəs bu qədər çox yemək mədə-bağırsaq sistemimizə necə təsir göstərir? Bayramqabağı hansı qidalanmaya üstünlük vermək lazımdır?

 

Sualları cavablandıran dietoloq Şəhriyyə Əhmədova Pravda.az-a açıqlamasında bildirib ki, Yeni il süfrələrində yemək çeşidi çox olsa da, seçimlər və porsiyalar gündəlik qidalanma prinsiplərinə uyğun olmalıdır: “Əks halda, sonrakı günlərdə mədə-bağırsaq sistemi yüklənə bilər. Süfrədə müxtəlif ət yeməkləri olsa belə, mütləq yalnız bir növ ət yeməyinə üstünlük verilməlidir. Qarışıq ət yeməkləri və karbonhidrat ağırlıqlı qidalanma, xüsusilə də axşam saatlarında, orqanizm üçün daha ağır olur. Bu səbəbdən zülal mənbələri və tərəvəzlər süfrədə daha çox yer almalıdır. Çox yağlı, qızardılmış yeməklərin, emal olunmuş ət məhsullarının (kolbasa, sosiska) və hisə verilmiş ət növlərinin süfrədə yer almaması tövsiyə edilir. Bununla yanaşı, mayonez əsaslı salatlara üstünlük verilməməlidir. Əvəzində bitki yağı ilə hazırlanmış salatların seçilməsi daha məqsədəuyğundur. Yağda qızardılmış yeməklər əvəzinə sobada və ya manqalda bişirilən yeməklərə üstünlük verilməsi daha sağlam hesab olunur. Mədə-bağırsaq sistemini yükləyən içkilər sırasında şirin, qazlı, turşulu və spirtli içkiləri qeyd etmək olar. Bu içkilər adi şəraitdə belə orqanizm üçün əlavə yük yaradır. Xüsusilə ət yeməklərindən dərhal sonra bu içkilərin qəbulu mədə-bağırsaq sisteminin yüklənməsinə səbəb olur”.

 

Dietoloq vurğulayıb ki, təzyiq problemi olan şəxslərə bu cür içkilər tövsiyə edilmir: “Eyni zamanda xroniki xəstəlikləri olan insanlar da qida seçimində diqqətli olmalıdırlar. Porsiyalara nəzarət vacibdir. Duzlu, şəkərli və yağlı qidaların seçimində ehtiyatlı davranılmalıdır. Qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olan qidalardan uzaq durmaq məsləhətdir. Hər kəs öz fərdi qidalanma proqramına sadiq qalmalıdır. Elə xəstəliklər var ki, bəzi qidaların qəbulu uyğun hesab edilmir və bayram günü olsa belə, “bir gündür” deyərək həmin qidalardan istifadə etmək düzgün deyil. Şəkərli diabeti olan şəxslərin qida rasionunda qanda şəkəri yüksəldən məhsullar yer almamalıdır. Desert seçimində isə meyvəli desertlərə üstünlük verilməsi tövsiyə olunur. Şəkəri az olan ev şirniyyatları daha məqsədəuyğundur. Eyni zamanda porsiyası kiçik olmaq şərti ilə tünd şokoladlı desertlərdən də istifadə edilə bilər. Yağlı, bol kremli, çox şirin tortlardan mümkün qədər uzaq olmaq məsləhətdir. Əsas problem qidalanmanın ard-arda olmasıdır. Vaxt keçmədən, xüsusilə axşam saatlarında çayla desertin qəbulu yayğındır. Yedikdən dərhal sonra yatmaq düzgün deyil. Daha yaxşı olar ki, yeməkdən sonra və yatmazdan öncə qısa gəzinti edilsin”.

 

Şəhanə Quliyeva

Tarix: 26 Dekabr 2025, 09:21   
Seçilən
52
pravda.az

1Mənbələr