Azərbaycanda iş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cavid Hüseynlinin vəkili məhkəməyə vəsatət verib. Vəkil məhkəmə prosesinin media üçün qapalı keçirilməsini xahiş edib. O, iclasın açıq keçirilməsinin zərərçəkənlə barışıq prosesinə mane olduğunu bildirib.
Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri vəsatətlə razılaşıb. Dövlət ittihamçısı qərarı məhkəmənin mülahizəsinə buraxıb. Məhkəmə isə vəsatəti əsassız sayıb.
Daha sonra ittiham aktı elan edilib. İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmişdən tanışları vasitəsilə Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi, yerində çoxmərtəbəli binanın tikintisi üçün icazə alacaqlarına dair vəd veriblər. Bununla da, zərərçəkmişdən 4 milyon 19 min manat pul alıb, ona qarşı dələduzluq ediblər.
İttiham aktına münasibət bildirən təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli özlərini qismən, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanov isə ümumiyyətlə, təqsirli bilməyiblər.
Hakim təqsirləndirilən şəxslərə bildirib ki, məhkəmə istintaqı zamanı cinayət işi sübuta yetirilərsə, onları 10 ildən 14 ilədək həbs cəzas gözləyir.
Təqsirləndirlən Seymur Məhərrəmov ifadə verməyə hazır olmadığını bildirib.
Sonra təqsirləndirilən Cavid Hüseynli ifadə verib: “Biz qrup olmamışıq. İttihamda deyilir ki, əlbir olmuşuq, bu, belə deyil. Mənim əvvəl hüquq şirkətim olub. Quvat Beybutovla danışaraq sözügedən ərazidə tikinti işlərinin aparılması, oradakı həyət evlərinin sökülməsi və yerində bina tikilməsi ilə bağlı işlərin görülməsini üzərimə götürmüşdüm. Mənə dedilər ki, bu iş alınacaq, amma pul lazımdır. Mən işdən 510 min manat götürdüm. 213 min manatı Seymura verdim.
Sonradan iş alınmayanda biz bu işin taleyi ilə bağlı görüşdük. Ceyhun Əşrəfovu orada gördüm. Ona kimi onunla əlaqəm olmayıb. Bu görüş bir neçə dəfə müxtəlif məkanlarda baş tutdu".
Onun sözlərinə görə, Quvat Beybutov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. İş bir müddət sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilib: "İstintaq bizə ziyanın ödənilməsi üçün 2 ay vaxt verdi. Seymur pulu ödəyəcəyini desə də, ödəmədi və biz 17 oktyabrda Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edildik. Ümumilikdə mən 2 milyon 148 min manat, Seymur 1 milyon 152 min manat, Ceyhun 500 min manat, Rüstəm isə 220 min manat ziyan vurmaqda ittiham edilirik".
Cavid Hüseynli bildirib ki, ziyandan ümumilikdə 927 min manatı ödəyib. Həmin pulun bir qismini (100 min bir dəfə, 177 min bir dəfə) istintaq dövründə, qalan 650 mini sonra ödəyib. Yerdə qalan 1 milyon 148 min manatı növbəti prosesədək ödəyəcək.