AZ

Xəstəxana və poliklinikalarımızda elektron növbə sistemlərinin tətbiqi gecikir Deputat

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Ölkənin əsas rəqəmsal hökumət platforması olan Mygov-da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. Mygov platformasında istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda Mygov ID funksiyası mühüm rol oynayır. Bu funksiya vətəndaşlara QR-kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı yaradır. Bundan əlavə, icazələrin idarə edilməsi funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha da istifadəçi yönümlü, təhlükəsiz və rahat edib. Eyni zamanda, yeni istifadəyə verilmiş dövlət qurumlarına məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal xidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb".

Redaktor.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisdə çıxışında bildirdi.

Onun fikrincə, rəqəmsal hökumət və xidmətlərin təşkili həyatımızı asanlaşdırıb.

"İnanıram ki, 2026-cı ildə rəqəmsal hökumət xidmətləri daha da genişlənəcək. Ümid edirəm ki, növbəti illərdə rəqəmsal sənəd dövriyyəsinə çıxış imkanları artırılacaqdır. Bununla kağız, çap, poçt xərclərinə və ən əsası vaxta xeyli qənaət etmiş olacağıq.

"ASAN xidmət"in fəaliyyəti və xüsusilə də elektron növbə sistemi uzun illərdir ki, qüsursuz işləyir. Amma bəzi qurumlar fərqli növbə sistemləri tətbiq edərək vətəndaşların problemlə üzləşməsinə səbəb olur. Özümüzdə tətbiq olunan və uğur qazanan rəqəmsal həllərə üstünlük versək daha yaxşı olar.

Xəstəxana və poliklinikalarımızda elektron növbə sistemlərinin tətbiqi gecikir. Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb. Müasir dövrdə kağız və ya şifahi üsullarla növbə təşkil edilməyə çalışılması heç də effektiv deyil. Mygov platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəssisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
3
redaktor.az

4Mənbələr