AZ

Parklanma xidmətində sığorta məsuliyyətinin artırılması təklif edilir

"Parklanma xidmətində sığorta məsuliyyəti qanunvericilikdə aydın müəyyən olunmalıdır".

Xezerxeber.az-ın məlumatına görə, bunu deputat Vasif Qafarov parlamentin bu gün keçirilən iclasında deyib. 

O qeyd edib ki, parklanma xidməti ödənişli olsa da, parklanma zamanı avtomobilə dəyən ziyanı sahibi ödəməli olur.

Deputat parklanma xidmətinin sığorta məsuliyyətinin qanunvericiliklə aydın şəkildə müəyyən edilməsini zəruri hesab edib: "Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi müəyyən neqativ hallara səbəb olur. Əsas problem parklanma üçün ödəniş edildiyi halda, orada nə vaxtsa avtomobilə dəyən zərərə görə heç bir təminat verilmir. Ödənişli park yerində saxlanılan avtomobilə başqa şəxs və ya nəqliyyat vasitəsi zərər vurduqda, yaxud güclü külək nəticəsində ağacın avtomobilin üzərinə aşması kimi hallarda parklanma xidməti ödənişli olmasına baxmayaraq, yenə də zərərin ödənilməsi avtomobil sahibinin üzərinə düşür. Bu da həm istehlakçı hüquqlarının pozulmasına, həm də göstərilən xidmətin mahiyyətinin formaldan kənara çıxmasına səbəb olur. Bu kimi vəziyyətdə vətəndaşın ödədiyi xidmət haqqının mahiyyətinə uyğun təminat ala bilməməsi ilə nəticələnir, sığorta mexanizminin tətbiqini daha da zəruri edir".

V.Qafarov əlavə edib ki, mövcud vəziyyət həm sosial narazılıq yaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadı zəiflədir: "Hesab edirəm ki, qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətlərində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Təklif edirəm ki, ödənişli parklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dair məsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin. Həmçinin, parklanma haqqına minimal sığorta komponenti inteqrasiya edilsin və sürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıq şəkildə daxil edilsin".

Deputat həmçinin Bakıda rəsmi qeydiyyatı olan taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsini də təklif edib.

Seçilən
21
7
xezerxeber.az

10Mənbələr