AZ

Memar: Tikintidə icazələrin alınması prosesi minimuma endirilə bilər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Tikinti sahəsində zəruri icazələrin alınması prosesi vaxt aparan ola bilər, bu isə layihələrin gecikməsinə və əlavə xərclərə səbəb olur.

Memar Məhəmməd Bayramov AZƏRTAC-a açıqlamasında bildirib ki, problemin həlli üçün bir sıra addımların atılması təklif olunur.

“Belə ki, bir pəncərə prinsipi ilə xidmətlərin təşkili, tikinti üçün tələb olunan sənədlərin və icazələrin müxtəlif qurumlar tərəfindən ayrı-ayrılıqda yox, vahid platforma üzərindən qəbul və təsdiq edilməsi vaxt itkisini və prosedurları sadələşdirir. Elektron icazə sistemlərinin genişləndirilməsi, sənədlərin rəqəmsal formada təqdimatı, ekspertizası və təsdiqi şəffaflığı artırır, prosesin sürətini yüksəldir. Həmçinin normativ hüquqi aktların sadələşdirilməsi, eyni xarakterli sənədlərin çoxluğu və təkrarlanan prosedurlar aradan qaldırılaraq tələblər daha aydın və praktik şəkildə tənzimlənməlidir. Məmur-vətəndaş təmasının minimuma endirilməsi, proseslərin tam elektronlaşdırılması subyektiv qərarların qarşısını alır və icazələrin obyektiv verilməsini təmin edir. Həmçinin tikinti prosedurları üzrə standart zaman çərçivələrinin müəyyən edilməsi, hər mərhələ üçün maksimum müddətin qanunla müəyyən olunması və icrasına nəzarət prosesi süni ləngimələrin qarşısını alır. İctimai nəzarət və məlumatlandırmanın artırılması, açıq məlumat bazalarının yaradılması və prosesin izlənilməsi şəffaflığı təmin edir və vətəndaşların məlumat çatışmazlığından yaranan problemləri azaldır”, - deyə memar əlavə edib.

M.Bayramov qeyd edib ki, bu tədbirlər paralel və sistemli şəkildə həyata keçirildikdə tikinti sahəsində icazələrin alınması prosesindəki bürokratik əngəllər minimuma endirilə və sahənin inkişafına təkan verilə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
azertag.az

1Mənbələr