AZ

Turizm naziri: "Monteneqro Azərbaycanla daha böyük layihələr həyata keçirməyə hazırdır" - MÜSAHİBƏ

Azərbaycan və Monteneqro arasında ikitərəfli əməkdaşlığın əsas sahələrindən biri olan turizm sektoru həm turist axını, həm də investisiya layihələri baxımından davamlı artım nümayiş etdirir. Hava əlaqələrinin genişlənməsi və vizasız rejim lüks və yaxta turizmi seqmentində böyük təşəbbüslərin uğurla həyata keçirilməsi fonunda iki ölkə arasında əməkdaşlıq getdikcə daha çox strateji xarakter alır.

Bu kontekstdə Azərbaycan kapitalının Monteneqronun turizm infrastrukturunun inkişafında iştirakı, eləcə də Azərbaycan vətəndaşlarının ölkəyə istirahət və investisiya istiqaməti kimi artan marağı xüsusi əhəmiyyət kəsb edir. Monteneqronun turizm naziri Simonida Kordiç "Report"a müsahibəsində Monteneqro və Azərbaycan arasında turizm əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, investisiya mühiti, eləcə də tərəfdaşlığın inkişafı ilə bağlı gələcək planlar barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Monteneqro və Azərbaycan arasında turizm sahəsində mövcud münasibətləri necə qiymətləndirirsiniz, 2025-ci ildə hansı nəticələr əldə edilib?

- Ölkələrimiz arasında xüsusilə turizm sahəsində son dərəcə yaxşı münasibətlər mövcuddur. 2025-ci ilin ilk 10 ayında bütün növ yerləşmə vasitələrində Azərbaycandan ümumilikdə 18 852 turist qeydiyyata alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 59,59 % çoxdur. Bu ziyarətçilər tərəfindən 184 821 gecələmə həyata keçirilib, bu isə bir il öncəki göstəricidən 73,4 % çoxdur.

Qalma müddəti ilə bağlı bu göstəricilər xüsusilə əhəmiyyətlidir, çünki ənənəvi olaraq Monteneqronu seçən bir çox xarici bazarların orta göstəricisini üstələyir. Nazirliyin əsas hədəflərindən birinin turistlərin orta qalma müddətinin artırılması olduğunu nəzərə alsaq, bu, çox müsbət göstəricidir. Bu amil ölkə ÜDM-nə əhəmiyyətli töhfə verən turizm sektorunda gəlirlərin artmasına gətirib çıxarır.

Bundan əlavə, Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi səfərlərin asanlaşdırılması və əlçatan olması baxımından xüsusi əhəmiyyət daşıyır. "Azerbaijan Airlines" və "Air Montenegro" aviaşirkətlərinin Bakı ilə Podqoritsa və Tivat aeroportları arasında yüksək intensivliklə həyata keçirdiyi birbaşa uçuşlar nəqliyyatın əlçatanlığını və Monteneqronun turizm istiqaməti kimi tanınmasını təmin edir. Bu amillərin vəhdəti nəticəsində ölkələrimiz arasında turist səfərləri üçün çox gözəl şərait yaradılıb.

BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) çərçivəsində Monteneqronun Avropa Komissiyasının sədri seçilməsi bu sahədə əməkdaşlığın gücləndirilməsi üçün əlavə imkanlar yaradır. Bu status bizə Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrlə birlikdə yeni təşəbbüslərlə çıxış etməyə, təcrübə və bilik mübadiləsi aparmağa, həmçinin Avropa və qlobal turizm sektorunun inkişafına kollektiv töhfə verməyə kömək edir.

- Azərbaycanın Monteneqro turizm sənayesinə investisiyalarının səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı illərdə bu tərəfdaşlığın daha da dərinləşdirilməsinin hansı perspektivləri var?

- Azərbaycanın Monteneqroya yatırdığı investisiyalar haqqında danışarkən, şübhəsiz ki, ilk növbədə, Portonovi layihəsini qeyd etmək lazımdır. Bu layihə Boka-Kotor körfəzinin və Hertseq-Novi şəhərinin əhəmiyyətli dərəcədə dəyişməsində böyük rol oynayıb. Azərbaycanın "Azmont Investments" şirkəti Kumbordakı keçmiş hərbi kazarmaları lüks dənizkənarı şəhərə - Avropada ilk "One&Only" kurortuna çevirib. Bura eksklüziv rezidensiyalar, dünya səviyyəli spa və sağlamlıq mərkəzi, aparıcı beynəlxalq brendlərin restoranları və butikləri, həmçinin ən böyük superyaxtaları qəbul edə bilən marina daxildir.

Qeyd edim ki, layihəyə yatırılan investisiyaların ümumi məbləği 1 milyard ABŞ dollarına yaxınlaşır. Nəticələr artıq 2021-ci ildə kurortun açılışından etibarən özünü aydın şəkildə göstərib: Portonovi dünyanın müxtəlif guşələrindən autentik dəbdəbə axtarışında olan qonaqlar üçün cəlbedici məkana çevrilib. Həm kurort, həm də marina ilboyu davamlı olaraq yüksək doluluq göstəriciləri nümayiş etdirir. Bundan əlavə, Portonovi marinası bu yaxınlarda dünyanın ən mühüm yaxta tədbirlərindən biri olan "Southampton International Boat Show" çərçivəsində keçirilən nüfuzlu "TYHA Marina of the Year Awards 2025" mükafatında "İlin beynəlxalq marinası" kateqoriyasında ikinci yerə layiq görülüb. Bu yüksək qiymətləndirmə Portonovinin qlobal yaxta xəritəsində qabaqcıl infrastrukturu Boka-Kotor körfəzinin təbii gözəlliyi ilə ahəngdar şəkildə birləşdirən bir istiqamət kimi mövqe tutmasını təmin edib.

Azərbaycandan olan investorlar Monteneqronun, ilk növbədə lüks və yaxta turizmi seqmentlərində böyük potensiala malik olduğunu görürlər. Məhz buna görə də ölkə turizmi, sağlamlığı və dayanıqlı inkişafı birləşdirən yeni investisiyalar üçün açıq olaraq qalır. Monteneqro yeni çağırışlara hazırdır və füsunkar təbii gözəlliklər, əlverişli investisiya iqlimi, makroiqtisadi sabitlik, stimullaşdırıcı qanunvericilik, səmərəli inzibati sistem və ən əsası, Portonovi layihəsinin uğurla həyata keçirilməsi sayəsində formalaşan etimadın unikal vəhdətini təklif edir.

- Monteneqronun orta və uzunmüddətli perspektivdə turizm sahəsində Azərbaycanla investisiya əməkdaşlığını daha da inkişaf etdirmək üçün nə kimi planları var?

- Avropa İttifaqının gələcək üzvü kimi, istərdim ki, biz birlikdə daha çox uğur hekayələri yaradaq. Bu cür layihələr təkcə yeni iş yerlərinin yaradılmasına və gəlirlərin artmasına kömək etmir, həm də Monteneqronun nüfuzunu daha da artıraraq onu dünyanın ən prestijli turizm istiqamətləri ilə bir sıraya qoyur.

Eyni zamanda, bu mərhələ investorlar üçün ideal zamandır - bu dövrdə investisiya şərtləri son dərəcə əlverişli, inkişaf etməkdə olan bazarda möhkəmlənmək imkanları isə son dərəcə yüksəkdir.

Seçilən
22
far.az

1Mənbələr