AZ

Yerli icra hakimiyyətlərinin tikinti sahəsində səlahiyyəti ləğv olunsun – Parlamentdə TƏKLİF

Şəhərsalma siyasətinin vahid qurum tərəfindən həyata keçirilməsi təklif olunub.

Heftelik.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov çıxış edib.

Deputat deyib ki,  2026-cı ilin Şəhərsalma və Memarlıq ili elan edilməsi və həmin ildə Azərbaycanda beynəlxalq URBAN Forumun keçirilməsi ölkəmizin bu sahədə regional deyil, qlobal iddia ortaya qoyduğunu göstərir: “Belə bir mərhələdə bizim əsas vəzifəmiz şəhərsalma siyasətini yalnız ideya səviyyəsində deyil, institusional baxımdan da möhkəmləndirməkdir. Qanunvericiliyə əsasən tikintiyə icazə verən yeganə səlahiyyətli orqan Dövlət Şəhərsalma və Arxitektura İdarəsidir. Layihələrin təsdiqi, şəhərsalma əsaslandırması, baş planların icrası və son qərar mexanizmi bu qurumun səlahiyyətindədir. Lakin praktikada yerli icra hakimiyyətlərinin rəyləri hələ də prosesə həlledici təsir göstərir və bu layihələrin ələxsusda regionlarda həyata keçirilməsində müəyyən çətinlik yaradır. Şəhərsalma siyasətinin institusional tamamlanması üçün  Dövlət Şəhərsalma və Arxitektura İdarəsinin regional idarələri yaradılmalı, tikinti və şəhərsalma ilə bağlı hazırda yerli icra hakimiyyətlərində olan rəy və texniki səlahiyyətlər birbaşa bu regional idarələrə verilməlidir. Bu regional idarələr  Prezidentin müəyyən etdiyi şəhərsalma strategiyasını regionlarda icra edəcək, vahid memarlıq və planlaşdırma standartlarını təmin edəcək, subyektiv və fərqli yerli yanaşmaları aradan qaldıracaq. Bu, həm də mərkəzi idarənin yükünü azaltmış olacaq. URBAN Forum və Şəhərsalma və Memarlıq ili çərçivəsində Azərbaycan müasir şəhərsalma modelini, şəffaf icazə mexanizmlərini, güclü institusional idarəetməni dünyaya nümayiş etdirməlidir. Bunun üçün isə səlahiyyətlərin parçalandığı yox, Prezidentin müəyyən etdiyi strategiyanı vahid mərkəzdən icra edən sistem lazımdır. Bu addım Azərbaycanın şəhərsalma idarəetməsində yeni mərhələnin başlanğıcı olar”.

Seçilən
20
heftelik.az

1Mənbələr