AZ

“İçimdəki nur. Ruhun və kainatın sirləri “ kitabının təqdimatı olub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Həkim-fizioterapevt, ehtiyatda olan Usta dərəcəli tibb xidməti mayoru Şəhla Qafarovanın nəfis tərtibatla yeni çapdan çıxmış “İçimdəki nur. Ruhun və kainatın sirləri “ kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər yeni kitab haqqında fikir və düşüncələrini bölüşüblər.

Müəllifin bu gün dünya ictimaiyyətini, o cümlədən Azərbaycan cəmiyyətini düşündürən çox vacib bir mövzuya toxunduğunu diqqətə çatdıran natiqlər bildiriblər ki, doktor Şəhla Qafarovanın ilk qələm təcrübəsi olan bu kitab hər kəsə həm elmi, həm də mənəvi dəstək təqdim edir.

Çıxışlarda vurğulanıb ki, “İçimdəki nur. Ruhun və kainatın sirləri “ kitabında elm və mənəviyyat qarşı-qarşıya qoyulmur, əksinə, bir-birini tamamlayan amillər kimi təqdim olunur. Müəllif insan anatomiyası, beyin funksiyaları, hormonal balans və psixoloji rifah arasındakı əlaqələri aparılan elmi tədqiqatların nəticələri ilə ustalıqla əlaqələndirir.

Diqqətə çatdırılıb ki, kitabı oxucuya hazır cavablar vermir, əksinə, suallar vasitəsilə daxili səfəri təşviq edir. Akademik biliklərlə zənginləşdirilmiş, eyni zamanda, mənəvi və psixoloji qatlarla dərinləşdirilmiş bu kitab ruhunu, ağlını və bədənini bir-birinə bağlamaq istəyən hər kəs üçün yol xəritəsidir.

Belə bir vacib məqam bildirilib ki, Şəhla Qafarova bədən, ağıl və ruh arasındakı qarşılıqlı əlaqəni dərindən araşdıran və bu mövzuda oxuculara yol göstərən mütəxəssisdir. Bir həkim-fizioterapevt kimi o, illərlə sağlamlıq və müalicə sahəsində çalışaraq insanların fiziki ağrılarını yüngülləşdirməklə yanaşı, onların daxili aləmlərini də anlamağa çalışıb. O, həm klassik hikmətlərin, həm də müasir elmin gücünə inanır. İbn Sina fəlsəfəsi ilə müasir psixologiya və neyrobiologiya sahələrini birləşdirərək, insanın daxili harmoniyasını anlamağa çalışır. Xüsusilə təqdirəlayiqdir ki, müəllifin elmi yanaşması ilə mənəvi bilikləri bir araya gətirməsi oxuculara həm rasional, həm də ruhani baxış təqdim edir.

Çıxışlarda belə bir fikir də səslənib ki, müəllif kitabında oxucunu öz daxili aləminə səyahətə dəvət edir, insanın içindəki İlahi nuru kəşf etməsi, ruhunu dinləməsi və həyatına daha dərin bir məna qatması üçün yol göstərir. O, kitabında hazır cavablar vermək əvəzinə hər bir oxucunu öz sualları ilə üz-üzə qoyur və diqqət, daxili sakitlik tələb edən bir səyahətə dəvət edir. Şəhla Qafarovanın ilk qələm təcrübəsi olan bu kitabı çağdaş həyatın səs-küyündə itirdiyimiz daxili sükutumuzu tapıb aşkara çıxarmaq, insanın öz mənəvi və zehni bütövlüyünü anlamaq və hər birimizin içində mövcud olan ilahi nuru xatırlatmaq missiyasını daşıyır. Yeni nəşrdən belə bir məntiqi nəticə hasil olur ki, bu gün həkimlərin missiyası adamlara yalnız şəfa vermək deyil, insanı öz daxili işığı ilə tanış etmək və bu kontekstdə hər kəsin şəfa tapmasına nail olmaqdır. Şəfa isə məhz oradan — insanın öz içindən başlayır.

Sonda çıxış edən müəllif ərsəyə gətirdiyi kitab haqqında söylənilən xoş sözlərə görə minnətdarlığını bildirib, bütövlükdə tədbirin bütün iştirakçılarına təşəkkür edib. Eyni zamanda, bu istiqamətdə elmi tədqiqatlarını davam etdirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
azertag.az

2Mənbələr