AZ

"Bu qanunun qəbul olunmasından narazı qalan insanlar olacaq" - Fazil Mustafa

"Bu qanunun qəbul olunmasından narazı qalan insanlar olacaq, xüsusilə də bu sahə ilə məşğul olan və bunun müəyyən biznesini həyata keçirən şəxslərin müəyyən dərəcədə problem yaşayacağı ortadadır. Amma bu qanun həm də bizə bir mesaj verir ki, insan sağlamlığı üçün zərərli olan sahələrdə biznes quran insanlar həmişə bu riskləri gözə almalıdırlar. Burda həm də mənəvi riskdən söhbət gedir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin bugünkü iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirdi.

"İstər siqaret, istər qumar, narkotik, spirtli içki, enerji içkiləri, bu sahələr ola bilsin ki, qısa müddətə böyük gəlir gətirir. Amma başqa insanların bədbəxtçiliyi üzərində qurulan bir mexanizmə xidmət elədiyinə görə, insanlar ən azı mənəvi tərəfdən bu sahə ilə məşğul olanda mütləq bu istiqaməti yadda saxlamalıdırlar.

Düşünürəm ki, bu məsələlərdə birinci növbədə xüsusi statistika aparmağa ehtiyac yoxdur. Azərbaycan cəmiyyətində orta məktəbdən tutmuş ali məktəbə qədər ölkədə olan ictimai iaşə müəssisələrində azacıq müşahidə aparan insanlar görəcəklər ki, bu təkcə yalnız oğlanların, ya kişi cinsinə məxsus olan insanlar üçün böyük bir təhlükə yaratmır. Artıq qız övladları üçün də böyük bir narahatçılıq yaradan bir səviyyədə yayğınlaşıbdır. Bu qanunun qəbul olunması Azərbaycan cəmiyyətində tendensiyanın qarşısının alınmasına kifayət qədər ciddi şəkildə xidmət edəcəkdir. Bu istiqamətdə həm də dövlətin siyasətində diqqət edirsizsə, aksizdən xeyli dövlət öz gəlirindən belə imtina eləyir. Çünki vətəndaşın sağlamlığı bəzən gəlirdən öncə gəlir. Çünki bir vətəndaşın həyatı qazanılan mənfəətdən, əldə olunan gəlirdən daha qiymətli olduğunu məhz bu qanunun tətbiqi ilə göstərməkdədir", - deyə millət vəkili vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Seçilən
31
redaktor.az

1Mənbələr