AZ

İstanbul 2025-ci ildə qlobal məsələlərin müzakirə mərkəzi olub

İstanbul, 26 dekabr, Günel Karatepe, AZƏRTAC

Mədəniyyətlərin qovuşma nöqtəsi hesab edilən İstanbul yola salmağa hazırlaşdığımız bu bir il ərzində müxtəlif ölkələrin hökumət və dövlət başçıları, eləcə də yüksəksəviyyəli nümayəndələrin iştirak etdiyi bir çox beynəlxalq tədbirə ev sahibliyi edib.

AZƏRTAC xəbər verir ki, 2025-ci il ərzində meqapolis iqtisadiyyatdan ticarətə, müdafiə sənayesindən beynəlxalq münasibətlərə, kommunikasiyaya qədər geniş mövzuların, qlobal problemlərin müzakirə edildiyi diplomatik sammitlər, iqtisadiyyat və investisiya forumları, elmi konqreslər, yüksəksəviyyəli hökumət iclasları ilə dünyanın mühüm tədbirlərinin, proqramlarının və görüşlərinin mərkəzinə çevrilib.

Sammitlər, konqreslər, forumlar, qurultaylar, sərgilər və toplantılarla dolu bir ili geridə qoymağa hazırlaşan İstanbul, bu proqramlar çərçivəsində bir çox ölkədən hökumət və dövlət başçılarını, eləcə də yüksəksəviyyəli nümayəndələri qonaq edib.

2025-ci ilin Türkiyədə “Ailə İli” olması çərçivəsində keçirilən Beynəlxalq Ailə Forumu “Ailəmiz Gələcəyimizdir” şüarı ilə 27 ölkənin ailə məsələlərinə cavabdeh nazirlərinin, beynəlxalq qurumlarının nümayəndələrinin, alimlərinin və QHT üzvlərinin iştirakı ilə baş tutub.

Bu müddət ərzində İstanbul İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tarixinin ən geniştərkibli toplantılarından birinə də ev sahibliyi edib. İyun ayında “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusunda təşkil olunan İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci Sessiyası 43-ü nazir və beş nazir müavininin iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatının ən əhatəli toplantılarından biri kimi yadda qalıb.

2025-ci ildə İstanbulun ev sahibliyi etdiyi ən mühüm tədbirlər arasında Rusiya-Ukrayna sülh danışıqları da yer alıb. Bu məqsədlə tərəflər üçün etibarlı şəhər olan İstanbulda Türkiyə–ABŞ–Ukrayna və Türkiyə–Rusiya–Ukrayna üçtərəfli görüşləri keçirilib.

Təşkil edilən bütün bu tədbirlərdə müdafiə sənayesi, nəqliyyat dəhlizləri, logistika, iqlim dəyişikliyi, maliyyə qurumlarının fəaliyyətinin artırılması, yaşıl enerji, innovativ texnologiyaların tətbiqi, təhsil və uşaq problemləri kimi qlobal məsələlərə geniş yer verilib.

 

Seçilən
33
3
azertag.az

4Mənbələr