AZ

ESA tədqiqatı: Dünyada oyunçuların təxminən yarısı qadınlardır

Dünyadakı oyunçuların 48%-i qadınlardan ibarətdir, ABŞ-da isə 65 yaş və yuxarı oyunçuların payı 22%-ə çatır. 

HİT.az xəbər verir ki, bu, "Entertainment Software Association" (ESA) tərəfindən aparılan tədqiqatda bildirilib.

Tədqiqat göstərir ki, video oyunlar getdikcə yalnız gənc kişi auditoriyası ilə assosiasiya olunmur, əksinə müxtəlif yaş və sosial qrupları əhatə edən universal əyləncə formasına çevrilir. ESA qeyd edir ki, əldə edilən rəqəmlər uzunmüddətli meyli əks etdirir - oyun sənayesi artıq bir neçə ildir ki, davamlı olaraq auditoriyasını genişləndirir və bu da video oyunların kütləvi media məhsulu statusunu təsdiqləyir.

Tədqiqatın yayılması sosial şəbəkələrdə aktiv reaksiyalara səbəb olub. Dəstək göstərənlər olduğu kimi, bəzi istifadəçilər məlumatların dəqiqliyinə şübhə bildirərək şəxsi təcrübələrinə əsaslanır və mobil və sadə (casual) oyunların “video oyun” kateqoriyasına daxil edilməsini sual altına alırlar.

Eyni zamanda, qadın oyunçular özlərinin oyunlarda az görünməsinin maraq çatışmazlığından qaynaqlanmadığını, bunun əksinə, rəqəmsal mühitin xüsusiyyətləri ilə əlaqədar olduğunu izah edirlər. Təzyiqlər, cinsi təcavüzlə bağlı şərhlər və toksik davranışlar səbəbindən bir çoxları anonim profillərdən istifadə edir və ya şəbəkə sessiyaları zamanı səsli ünsiyyətdən imtina edirlər. Diskussiyaya qatılan qadınlar bildirirlər ki, bu strategiya oyun prosesinə rahat şəkildə qatılmaq üçün məcburi bir tədbirdir.

Samir

Seçilən
32
hit.az

1Mənbələr