AZ

Beynəlxalq olimpiadalar şagirdlərdə yaradıcı düşünməni gücləndirir

Bakı, 26 dekabr, AZƏRTAC

Akademik olimpiadaların dəyəri yalnız biliklə ölçülmür. Elmi araşdırmalar göstərir ki, bu yarışlar şagirdlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “gələcək bacarıqları” adlandırdığı analitik və tənqidi düşünmə, problem həlli, yaradıcılıq və metakognitiv bacarıqları formalaşdırır. Olimpiadalarda hazır cavablar yoxdur: şagird verilənləri təhlil edir, fərqli yanaşmaları müqayisə edir və məntiqi nəticə çıxarır. “Harvard Education Review” və OECD bu bacarıqları akademik və peşəkar uğurun əsas prediktorları kimi qiymətləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında akademik təhsil olimpiadaların Azərbaycan üzrə nümayəndəsi, “Global Olympiad Center”in (GOC) direktoru Xəyal İbrahimzadə söyləyib. O bildirib ki, olimpiada tapşırıqları çox vaxt bir neçə mövzunun kombinasiyasını tələb edir və standart alqoritmlərlə həll olunmur. Bu, yaradıcı düşünməni və innovativ yanaşmanı gücləndirir. Eyni zamanda, sübut və izaha fokuslanma biliklərin dərin mənimsənilməsinə, yeni situasiyalarda tətbiqinə şərait yaradır. Şagirdlər hansı strategiyanın işlədiyini anlamağı, yanaşmanı vaxtında dəyişməyi və səhvlərdən nəticə çıxarmağı öyrənirlər.

Onun sözlərinə görə, uzunmüddətli diqqət və səbr tələb edən bu proses nəzarətli stress yaradır, emosional dayanıqlığı artırır. Sistemli hazırlıq isə akademik intizam, planlama və özünənəzarət bacarıqlarını formalaşdırır. Beynəlxalq olimpiadalar qlobal baxış və çevik düşünməni gücləndirir.

“Son 10 ilin nəticələri göstərir ki, azərbaycanlı şagirdlər riyaziyyat, məntiq, iqtisadi düşünmə və alqoritmik problem həllində güclüdürlər. Lider ölkələrin üstünlüyü istedaddan çox erkən seleksiya və sistemli hazırlıqla bağlıdır. Bu istiqamətdə “Global Olympiad Center” azərbaycanlı şagirdlərin beynəlxalq mühitə çıxışını genişləndirərək mərhələli şəkildə ən elit yarışlara hazırlayır”, - deyə X.İbrahimzadə fikrini yekunlaşdırıb.

Seçilən
61
1
azertag.az

2Mənbələr