BAKI, 26 dekabr. TELEQRAF
“Ölkədə inqilab və dövlət çevrilişi təşkil etməyə cəhd edən heç kəsə güzəşt edilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
Kaladzenin sözlərinə görə, cinayət törətmiş hər kəs məsuliyyətə cəlb olunacaq:
“Oktyabrın 4-də keçirilən seçkilərə qədər bir neçə ay ərzində bu şəxslər dövlət çevriliş planlanları çərçivəsində kampaniya aparırdılar. Oktyabrın 4-də isə dövlət çevrilişi cəhdini həyata keçirməyə başladılar. Amma dövlətin müvafiq qurumları qanuna uyğun şəkildə hərəkət etdi və dövlət çevrilişinə cəhdin qarşısı alındı. Bu istiqamətdə istintaq başlanıb, çoxlu sayda insan saxlanılıb.
Heç kəsi bağışlamayacağıq, ölkədə inqilab və dövlət çevrilişi təşkil etməyə cəhdlər bağışlanmayacaq. Bu istiqamətdə çoxsaylı bəyanatlara baxmayaraq, öz bildikləri kimi hərəkət etdilər. Nəticədə dövlət çevrilişinə cəhdlə bağlı cinayət törətmiş hər kəs məsuliyyətə cəlb olunacaq”.