AZ

AZAL: Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələb olunacaq  

Yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) AZƏRTAC-a bildirilib ki, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.

“AZAL 1 yanvar 2026-cı il tarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə səyahətə hazırlığı zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı və uçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir. Müəyyən edilmiş tələblərə əsasən, xarici vətəndaşlar ölkədə olduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 min gürcü larisi (GEL) təşkil etməlidir.

Sığorta Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən təqdim edilə bilər. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.

Sığorta aşağıdakı məlumatları özündə əks etdirməlidir:

• Sığorta müqaviləsinin tərəfləri;

• Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi;

• Sığortanın predmeti;

• Sığorta təminatının qüvvəyə minmə və bitmə tarixləri;

• Sığorta riskləri;

• Sığorta təminatının məbləği (limitlər);

• Sığorta haqqının məbləği;

• Ödənişin yeri və şərtləri.

Yeni tələb Gürcüstanın “Turizm haqqında” Qanununa əsasən tətbiq edilir”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Seçilən
34
49
azerbaijan-news.az

10Mənbələr