AZ

Azərbaycan BMT ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və BMT arasında enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bakıvaxtı.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə keçirilən görüşdə aparılıb.

V. Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə enerji səmərəliliyi və bərpa olunan enerjinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığın, eyni zamanda nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb.

Ölkəmizin COP29-a ev sahibliyi ilə yanaşı, yaşıl enerji və enerji keçidi sahəsində ardıcıl siyasət və təşəbbüslərlə qlobal iqlim gündəliyində liderliyini möhkəmləndirdiyi qeyd olunub. Xüsusilə Azərbaycanın COP30-da elan etdiyi və emissiyaların 2035-ci ilə qədər 40 % azaldılması öhdəliyini nəzərdə tutan yeni "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə"si (NDC) yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin "DİM-in 7-ci hədəfi üzrə Azərbaycan üçün Yol Xəritəsi"nin hazırlanmasına toxunulub. Gələn ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan UNESCAP-ın 82-ci Sessiyası çərçivəsində enerji üzrə yan tədbirin təşkilinə hazırlıq məsələləri də müzakirə edilib.

Söhbət zamanı "UNIDO-İƏT Təmiz Enerji Mərkəzi"nin fəaliyyəti, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, hidrogen konsepsiyası, regionlararası elektrik enerjisi üzrə interkonnektor layihələri, eləcə də neft-qaz sektorunun dekarbonizasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. BMT ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan tədbirlər nəzərdən keçirilib.

Seçilən
15
6
bakivaxti.az

8Mənbələr