AZ

Türkiyə hə dedi, yeni dostu hərəkətə keçdi Rus qoşunları geri qayıdır

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Suriyanın xarici işlər naziri Həsən Əsəd Əl Şeybani Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Rəsmi Dəməşq hərbi-texniki əməkdaşlıq, iqtisadi münasibətlər, Suriya Demokratik Qüvvələri (SDF) ilə anlaşma, habelə İsrail məsələsini Moskva ilə müzakirə edib. Diqqət çəkən məqam isə tərəflərin əldə etdiyi mühüm razılaşmadır. Bu razılaşmaya əsasən, Rusiya Suriyanın şimalında Qamışlıda, habelə Hasekədə, İsraillə təmas xəttində, Qolan təpələri istiqamətində, Cəbhət əl-Druz xəttində və SDF (kürdlər) ilə təmas zonasında Bəşər Əsəd dövründə mövcud olan bütün patrul fəaliyyətini tam şəkildə bərpa edəcək.

Suriya rəhbərliyinin Moskva ilə danışıqlarda hərbi-texniki əməkdaşlığı və patrul fəaliyyətlərinin bərpasını önə çəkməsi indiki məqamda təsadüfi deyil. Belə ki, Əsəd dövründə Rusiya patrulları faktiki olaraq bir növ “tampon qüvvə” rolunu oynayırdı. Bu, İsrail, ABŞ, Türkiyə və SDF arasında birbaşa toqquşmaların qarşısını alan, eyni zamanda Dəməşqə manevr imkanı verən mexanizm idi. Məhz həmin mexanizmin zəifləməsi İsrailin hava zərbələrini, ABŞ-ın şimal-şərqdə möhkəmlənməsini və SDF-nin daha sərbəst davranmasını asanlaşdırdı. Məsələn, Dəməşq hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDF) arasında əldə edilən “tarixi” razılaşma faktiki olaraq kürdlərə ölkə ərazisində muxtariyyətə bənzər bir status verdi.

Görünür, bu vəziyyət həm Suriyanı, həm də Türkiyəni narahat edir. Ona görə də Rusiya yenidən həmin boşluğa yerləşdirilir. Xüsusilə Qamışlı–Hasekə xətti və SDF ilə təmas zonaları Suriyanın kürd məsələsində Moskvanı həm vasitəçi, həm də əngəlləyici aktora çevirmə cəhdidir. Dəməşq bilir ki, SDF ilə birbaşa hərbi qarşıdurma ABŞ faktoru səbəbindən risklidir. Hətta Türkiyənin özü belə uzun müddətdir bu ərazidə hərbi əməliyyatlar keçirmək istəsə də, Vaşinqton amilinə görə bunu reallaşdıra bilmir. Amma Rusiya patrulları sözügedən zonalarda olduqda, SDF-nin hərbi-siyasi manevr sahəsi daralır və ABŞ da daha ehtiyatlı davranmaq məcburiyyətində qalır. Yəni burada Rusiya Suriyanın əlində dolayı təzyiq alətinə çevrilir.

Rusiya-İsrail qarşıdurması

Təbii ki, məsələnin bir də İsrail tərəfi var. Qolan təpələri istiqamətində, İsraillə təmas xəttində və Cəbhət əl-Druz bölgəsində Rusiya mövcudluğunun artırılması Dəməşqin Təl-Əvivə qarşı asimmetrik bloklama strategiyasıdır. Suriya ordusu bu ölkə ilə açıq qarşıdurmaya girə bilməz, amma Rusiya ilə İsrailin üz-üzə gələcəyi situasiyalar yaratmaqla Tel-Əvivin hərəkət azadlığını məhdudlaşdıra bilər. İsrail üçün Rusiya ilə birbaşa toqquşma qəbuledilməzdir. Buna görə də rus patrullarının yerləşdiyi ərazilərdə daha ehtiyatlı davranmalı olur.

Druz amili burada xüsusi əhəmiyyət daşıyır. İsrailin druz kartını aktivləşdirməsi Suriyanın daxili sabitliyi üçün potensial riskdir. Dəməşq bu riski zorla deyil, beynəlxalq aktorun varlığı ilə neytrallaşdırmaq istəyir. Əgər Rusiya Cəbhət əl-Druz xəttində mövcuddursa, orada məskunlaşan əhali üzərindən edilən istənilən eskalasiya artıq yalnız Suriya–İsrail məsələsi yox, Rusiya faktorunu da ehtiva edir. Bu isə Təl-Əvivin manevr imkanlarını ciddi şəkildə daraldır.

Eyni zamanda bu strategiya Suriyaya gələcək üçün çevik seçimlər saxlayır. Lazım gəldikdə, Dəməşq druzlar mövzusunda məsuliyyəti Rusiyanın “sabitləşdirici rolu” üzərinə ata, yaxud Moskvanın varlığından istifadə edərək İsrailin təsirini balanslaya bilər. Yəni Rusiya burada həm qalxan, həm də alət funksiyası daşıyır.

Bununla belə, Moskva ilə Dəməşq arasında əldə edilən razılaşmanın riskli tərəfləri də var. Əsas təhlükə məhz Suriyanın öz iradəsini böyük güclərin davranışına bağlamasıdır.

Ehtimal risklər

Birinci və ən fundamental risk odur ki, Rusiya Suriyanın düşündüyü qədər “sərt qalxan” olmaya bilər. Moskva üçün İsrail strateji düşmən deyil, idarə olunan tərəfdaşdır. İndiyə qədər Rusiya İsrailin Suriyadakı zərbələrinə açıq şəkildə mane olmayıb, sadəcə koordinasiya edib. Əgər Rusiya patrulları yerləşdirildikdən sonra İsrail yenə də zərbələr endirər və Moskva buna faktiki cavab verməzsə, Suriya həm siyasi, həm də psixoloji baxımdan zəifləyər. Belə bir vəziyyət Təl-Əvivə “rus faktoru aşılabiləndir” mesajı verər.

İkinci risk Rusiyanın bu mövcudluğu alətə çevirməsidir. Moskva Qərblə, ABŞ-la və hətta İsraillə danışıqlarda Suriyanı kart kimi istifadə edə bilər. Məsələn, Ukrayna məsələsi, sanksiyalar və ya regional razılaşmalar fonunda Moskvanın Dəməşqin müəyyən zonalarda maraqlarını geri plana atması mümkünür. Bu halda Suriya faktiki olaraq öz təhlükəsizlik mexanizmini başqasının siyasi bazarlığına girov qoymuş olar.

Üçüncü ciddi risk eskalasiyanın meydana gəlməsidir. Rusiya patrullarının İsraillə təmas xəttinə yaxın yerləşməsi səhv hesablamalar ehtimalını artırır. Bir dron insidenti, bir raket qalıntısı və ya yanlış koordinasiya Rusiyanı istəmədən qarşıdurmaya sürükləyə bilər. Belə bir vəziyyətdə İsrail açıq qarşıdurmadan qaçmağa çalışsa da, Suriya ərazisinin yenə də zərbə meydanına çevrilməsi təhlükəsi var.

Dördüncü risk druz faktorunun əks-reaksiyasıdır. Druzlar özlərini yalnız İsrailin aləti kimi görmürlər; onlar regional balansı çox incə oxuyurlar. Əgər Rusiyanın varlığı druz icmaları tərəfindən “Dəməşqin sərt nəzarətinin qayıdışı” kimi qəbul edilərsə, bu, onları daha çox İsrailə və ya digər xarici aktorlara yaxınlaşdıra bilər. Beləliklə, Suriyanın qarşısını almaq istədiyi ssenari əksinə güclənər.

Beşinci risk SDF məsələsində ortaya çıxır. Rusiya patrulları SDF-ni sıxışdırsa da, bu, ABŞ-ın reaksiyasını sərtləşdirə bilər. Nəticədə ABŞ-ın SDF-yə daha ciddi hərbi-siyasi dəstək verməsi mümkündür. Beləliklə Suriya şimal-şərqdə daha sərt və uzunmüddətli qarşıdurma ilə üzləşər.

Altıncı və daha dərin risk Suriyanın suverenlik paradoksudur. Rusiya nə qədər çox sahədə “təhlükəsizlik təminatçısı” rolunu üzərinə götürərsə, Suriya bir o qədər öz müstəqil qərarvermə imkanını itirir. Bu, qısa müddətdə faydalı görünə bilər, amma uzun müddətdə Dəməşqi regional aktor yox, böyük güclər arasında manevr edən zəif oyunçuya çevirir.

Yekunda demək olar ki, Suriya İsraili bloklamaq üçün Rusiyanı önə çəkərək ağıllı, amma iki ucu kəsən bıçaqdan istifadə edir. Əgər Rusiya istədiyi anda bu bıçağı kənara qoyarsa və ya öz maraqları üçün başqa istiqamətə çevirərsə, zərbə Suriyanın özünə dəyə bilər. Bu strategiyanın uğuru Suriyanın Moskvanı nə qədər yönləndirə bilməsindən deyil, Kremlin Dəməşqi nə qədər qurban verməyə hazır olmamasından asılıdır.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr