AZ

“Gürcüstanı inqilaba apara bilməyəcəksiz” Baş nazirdən Avropa İttifaqına ittihamlar

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv etməklə ölkədə inqilab apara bilməyəcəyini bildirib.

“Avropa İttifaqının şantaj alətləri artıq köhnəlib və vizasız rejimin ləğvi təzyiq vasitəsi kimi əvvəlki gücünü itirib. Gürcüstan cəmiyyəti ayıq düşünür və Avropa bürokratiyasının qərarlarına praqmatik yanaşır”, – Kobaxidze müsahibəsində qeyd edib.

Baş nazir Aİ-nin praqmatik qərar qəbul edəcəyinə və Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv etməyəcəyinə ümid etdiyini də bildirib.

Eyni zamanda, Avropa Komissiyasının 19 dekabr 2025-ci il tarixində dərc olunmuş illik hesabatında Gürcüstanda vizasız rejimin dayandırıla biləcəyi qeyd olunur. Sənəddə bildirilir ki, “Gürcüstan vizasız rejimi tamamilə itirə və Şengen zonasına daxil olmaq üçün vizanın tələb olunduğu ölkələr siyahısına salına bilər”.

Hesabatda Gürcüstanda fundamental hüquq və azadlıqların pozulması, ayrı-seçkiliyin qadağan olunması prinsiplərinə əməl edilməməsi ilə bağlı ciddi narahatlıq ifadə olunub.

“Komissiya dəfələrlə Gürcüstan hakimiyyətini bu problemlərin həlli üçün dərhal tədbirlər görməyə və tövsiyələrini yerinə yetirməyə çağırıb. Buna baxmayaraq, Gürcüstan vizasız rejim üzrə dialoq çərçivəsində götürdüyü öhdəlikləri pozub və mexanizmin yeddinci hesabatında göstərilən tövsiyələri yerinə yetirməyib”, – sənəddə vurğulanır.

Hesabata əsasən, “Gürcüstanda baş verən sistemli və qəsdən geriləmə nəzərə alınmaqla, Komissiya yenilənmiş vizasız rejimin dayandırılması mexanizmi çərçivəsində müvafiq tədbirləri nəzərdən keçirir”.

Qeyd edilir ki, bu mexanizm 30 dekabr 2025-ci il tarixində qüvvəyə minəcək.

Sənəddə həmçinin Gürcüstanda “Rusiyanın təsiri ilə əlaqələndirilən yeni təhlükəsizlik riskləri” də xatırlanır.

“Əksər tərəfdaşlar korrupsiyaya qarşı öhdəliklərini yerinə yetirsə də, Gürcüstan əvvəllər həyata keçirilmiş bəzi islahatları ləğv edib. Sənədlərin təhlükəsizliyi sahəsində ciddi çatışmazlıqlar mövcuddur – saxta və ya fırıldaq yolu ilə əldə edilmiş pasportlar, eləcə də təhlükəsizlik yoxlamalarından yayınmaq üçün şəxsi məlumatların dəyişdirilməsi halları qeydə alınır. Vizasız rejimin etibarlılığının qorunması üçün bu problemlər aradan qaldırılmalıdır”, – Avropa Komissiyasında bildirilib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
azpolitika.info

1Mənbələr