İki ölkə arasında delimitasiya prosesi davam edir. Komissiyaların rəhbərləri bu istiqamətdə intensiv fəaliyyət göstərirlər.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, delimitasiya prosesi yalnız vaxtaşırı keçirilən komissiya iclasları ilə məhdudlaşmır və kifayət qədər mürəkkəb xarakter daşıyır. Onun sözlərinə görə, indiyədək bu sahədə əhəmiyyətli irəliləyişlər əldə olunub və ümumi razılaşma mövcuddur.
"13 kilometr ərazisinin delimitasiyası, 4 kəndin qaytarılmasından sonra işlər dayandırılmayıb, proses davam edir. Baş nazirin müavinləri, işçi qrupları fəaliyyətlərini davam etdirir. Razılaşmaya əsasən, delimitasiya prosesi şimaldan cənuba doğru aparılacaq - Azərbaycan-Ermənistan və Azərbaycan-Gürcüstan sərhədlərindən başlanaraq İran sərhədinə qədər davam edəcək.
“Bu proses çərçivəsində anklav kəndlərin vəziyyəti də öz həllini tapacaq”, – deyə nazir vurğulayıb.