AZ

Narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Bakı, 26 dekabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri və Mingəçevir Şəhər Narkoloji Dispanserinin nümayəndəsi çıxış edərək narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığın formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, həmçinin “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

Seçilən
4
1
azertag.az

3Mənbələr