Deputat Vasif Qafarov Milli Məclisin bugünkü iclasında Bakıda taksilərin xüsusi avtobus zolaqlarından istifadəsinə icazə verilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən taksilər ictimai nəqliyyat vasitəsi hesab olunur və bu yanaşma bir çox ölkədə uğurla tətbiq edilir.
Millət vəkili qeyd edib ki, xüsusilə rəsmi platformalarda qeydiyyatdan keçmiş taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsi şəhər nəqliyyatının daha səmərəli idarə olunmasına töhfə verə bilər. Onun fikrincə, bu addım intellektual nəqliyyat sistemlərinin tətbiqini gücləndirər, avtomobil sıxlığını müəyyən qədər azaldar və nəticə etibarilə vətəndaşların gündəlik hərəkətində rahatlığı artırar.
Deputat hesab edir ki, düzgün tənzimləmə və nəzarət mexanizmləri ilə bu yanaşma həm ictimai nəqliyyatın işinə mane olmaz, həm də paytaxtda nəqliyyatın ümumi effektivliyinin yüksəlməsinə xidmət edər.

Bakıda qayda hansı formada tətbiq oluna bilər? Hansı ölkənin təcrübəsindən istifadə edilməlidir?
Taksilərin xüsusi avtobus zolaqlarından istifadəsi ilə bağlı Day.Az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, bu məsələ xarici təcrübədə müxtəlif cür tənzimlənir, yəni bütün ölkələrdə eyni model tətbiq edilmir.
"Hazırda əsas sual ondan ibarətdir ki, Azərbaycanda hansı model əsas götürülə bilər. Bu, xüsusilə vacibdir, çünki burada ilk növbədə say məsələsi ön plana çıxır. Məsələn, Paris şəhərini götürək. Orada iki növ taksi fəaliyyəti var: hökumət tərəfindən lisenziyalaşdırılmış rəsmi taksilər və bizim "Bolt", "Uber" kimi tanıdığımız platforma taksiləri. Parisdə bu platforma taksilərinə avtobus zolaqlarına daxil olmağa icazə verilmir. Orada avtobus zolaqlarından yalnız dövlət tərəfindən lisenziyalaşdırılmış rəsmi taksilər istifadə edə bilir və onların da sayı ciddi şəkildə limitləşdirilib.

Ekspert bildirib ki, Azərbaycanda isə hazırda taksilərin sayı ilə bağlı dəqiq və sabit bir mexanizm hələ tam formalaşmayıb.
"Əgər bu gün 25-30 min, hətta bəzi hesablamalara görə 30 mindən çox taksidən söhbət gedirsə, mütləq şəkildə ölçülüb-biçilməlidir ki, bu qədər taksinin avtobus zolaqlarına buraxılması hansı nəticələrə gətirib çıxara Raqif Raufoğlu metrosu istiqamətindən gəlib Yusif Səfərov küçəsinə çıxan hissəyə baxmaq kifayətdir. Bəzən orada altı-yeddi avtobusun bir-birinin ardınca yığıldığını və dönmə edə bilmədiyini görmək olur. Yəni bu gün avtobusların özləri həmin zolaqlardan rahat hərəkət edə bilmirsə, ora əlavə olaraq yüzlərlə taksinin buraxılması real olaraq mümkün görünmür."

Raqif Raufoğlu deyib ki, ən optimal variant avtobus zolaqlarının hamısını deyil, yükü ən az olan hissələri müəyyənləşdirmək olar.
"Yəni konkret olaraq deyilsin ki, yalnız filan küçə və ya filan istiqamətdə bu tip taksilərin avtobus zolağına girməsinə icazə verilir. Elə avtobus zolaqları da var ki, günün müəyyən saatlarında demək olar boş qalır və orada avtobuslar nadir hallarda hərəkət edir. Məhz belə yerlərdə müəyyən istisnaların tətbiqi daha məntiqli ola bilər. Əsas məsələ isə odur ki, bütün bu qərarlar real vəziyyət və faktlar əsasında verilsin, avtobusların üstünlüyü qorunsun və ümumi nəqliyyat sistemi zərər görməsin."
Elvin Səxavətoğlu
Day.Az