AZ

NATO ilə mümkün qarşıdurma Rusiyanın Ukraynada əldə etdiyi nəticələrdən asılı olacaq

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin mediası Kalininqrad üzərində hipotetik münaqişəni modelləşdirərək iddia edib ki, NATO ilə Rusiya arasında müharibə baş verərsə, ilk beş saatda Avropada 34 milyona qədər insan həlak ola bilər. Ssenariyə görə, Rusiyanın nüvə silahından istifadə etməsi on milyonlarla itki və “nüvə qışı” riski yaradacaq. Müəlliflər Qərbin Rusiyanın mümkün müharibəyə hazırlığını yetərincə ciddiyə almadığını bildirirlər.

NATO–Rusiya arasında yaxın dövrdə genişmiqyaslı müharibə baş verə bilərmi?

Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Rusiya Ukrayna ilə münaqişədə istədiklərinə nail olduqdan sonra Ukraynaya silah və maliyyə dəstəyi göstərən ölkələrə müdaxilə edə bilər, lakin bu müdaxilənin birbaşa döyüş əməliyyatları və ya genişmiqyaslı müharibə şəklində olacağı ehtimalı azdır:

"Son illərdə Rusiya bir neçə dəfə nüvə silahı istifadə etmək barədə bəyanatlar səsləndirsə də, hələlik bu silahın istifadə edilməsi gözlənilmir. Yalnız o halda ki, Rusiya 2014-cü ildə işğal etdiyi Ukrayna ərazilərindən geri çəkilmək məcburiyyətində qalsa, taktiki nüvə silahından istifadəsi ehtimalı arta bilər. Hazırda Rusiyanın NATO ərazisini işğal etməsi planı gözə çarpmır və belə bir planın mövcudluğu barədə ehtimallar çox azdır. Ancaq ümumilikdə, Avropa İttifaqı və NATO üzvü olan ölkələrin döyüş potensialı kifayət qədər zəifdir".

Ekspertin fikrincə, 2028-ci ilə qədər NATO ilə Rusiya arasında genişmiqyaslı müharibə ehtimalı da çox azdır:

"Çünki belə bir müharibəyə hazırlaşmaq üçün Rusiya böyük miqyasda canlı qüvvə və silah-sursat ehtiyatları yaratmalı, həmçinin bu qüvvələri müharibəyə hazırlamalıdır. Bu isə ən azı bir neçə il zaman tələb edəcək. NATO ilə Rusiya arasında mümkün qarşıdurmanın səviyyəsi, əsasən, Rusiyanın Ukraynada əldə etdiyi nəticələrdən asılı olacaq. Əgər Rusiya Ukraynada tam olaraq istədiklərinə nail olsa, o zaman Kreml növbəti mərhələdə NATO üzvü olan ölkələrə qarşı hibrid və asimmetrik tədbirlər həyata keçirə bilər".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
1
redaktor.az

2Mənbələr