AZ

Qanun manipulyasiyası - Süni ajiotaj kimə və nəyə xidmət edir? » AzadMedia.az


Son günlər sosial şəbəkələrdə və bəzi xəbər platformalarında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun ətrafında məqsədli şəkildə süni ajiotaj yaradıldığının şahidi oluruq. Özünü “ekspert” kimi təqdim edən bəzi şəxslər məsələni ya bilmədən, ya da bilərəkdən təhrif edir, digərləri isə bu manipulyasiyaları kopyalayaraq süni gündəm formalaşdırmağa çalışır.
Məsələ ilə bağlı qanunvericiliyi diqqətlə araşdırdıqda və bu sahəni bilən səlahiyyətli şəxslərlə dəqiqləşdirmə apardıqda bir həqiqət aydın görünür: təqdim edildiyi kimi, heç bir yeni səlahiyyət və ya mahiyyət dəyişikliyi yoxdur. Daxili Qoşunların komandanının təyin və azad edilməsi əvvəllər də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətində olub və bu gün də eyni qaydada qalır.
Sadəcə olaraq, əvvəllər qüvvədə olan “Daxili qoşunların statusu haqqında” Qanun ləğv edildiyi üçün həmin norma yeni qanuna və müvafiq fərmana texniki baxımdan daxil edilib. Bu, nə sensasiya mövzusudur, nə də əlavə səlahiyyət verilməsi kimi təqdim edilə bilər. Hüquqi yanaşma dəyişməyib, yalnız qanunvericilik bazası yenilənib.
Ədalət naminə qeyd etmək lazımdır ki, Daxili Qoşunların fəaliyyəti illərdir dövlət təhlükəsizliyinin təminində, ictimai asayişin qorunmasında mühüm rol oynayıb. Vətən müharibəsi dövründə, pandemiya şəraitində, eləcə də ekoloji aksiyalar zamanı göstərilən xidmətlər bu qurumun dövlətçilik baxımından nə qədər vacib institusional struktur olduğunu bir daha təsdiqləyib. Ayrı-ayrı hallarda narazılıqlar ola bilər, lakin bu hallar bütövlükdə quruma deyil, konkret fərdlərə aiddir və istənilən sahədə mümkündür.
Bu kontekstdə Ərəstun Oruclunun guya DİN-ə ictimai etimadın azalması, “daxili təhlükəsizlik” adı altında repressiv aparatın büdcəsinin artırılması ilə bağlı səsləndirdiyi iddialar qərəzli yanaşmanın məhsulu olmaqla yanaşı, faktoloji əsasdan da məhrumdur. Özünü “ekspert” kimi təqdim edən bir şəxsin bu dərəcədə səthi və savadsız mövqe ortaya qoyması ciddi suallar doğurur. Sözügedən arqumentlər daha çox emosional manipulyasiyaya hesablanmış tezislərdən ibarətdir.
BBC və “Azadlıq” radiosu kimi platformaların mövzuda süni şəkildə “Rusiya izi” axtarması da reallıqdan uzaq yanaşmadır. Bu cür cəhdlər Tramp administrasiyasının diqqətindən kənarda qalmış, hansısa kabinetlərdə gizlənən sorosçu dairələrin dövriyyəyə buraxdığı köhnə və iflasa uğramış tezisləri xatırladır. Məqsəd isə dəyişmir: cəmiyyətdə süni narahatlıq yaratmaq və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmaq.
Sabitliyin əsas qarantlarından olan dövlət qurumlarının fəaliyyətini və onların hüquqi əsaslarını təhrif etmək ya cahilliyin, ya da qəsdən aparılan informasiya təxribatının nəticəsidir. Aydın görünür ki, bu cür manipulyasiyalar ictimaiyyəti çaşdırmaq, dövlət institutlarını hədəfə almaq və dövlətçilik prinsiplərinə kölgə salmaq məqsədi güdür.
Öyrənmək heç vaxt gec deyil. Məsələyə maraq göstərən hər kəs asanlıqla görə bilər ki, sözügedən səlahiyyət əvvəldən mövcud olub, yanaşma dəyişməyib, sadəcə hüquqi texnika yenilənib. Bu səbəbdən emosiyaya deyil, fakta və qanuna istinad etmək ən doğru mövqedir.
Kiminsə şəxsi narazılığı və ya subyektiv münasibəti ola bilər. Ancaq bu, dövlət qurumlarına və dövlət qanunlarına qarşı əsassız hücumlara haqq qazandıra bilməz. Bu dövlət hamımızındır və onun mənafeyini qorumaq hər birimizin vətəndaşlıq məsuliyyətidir.
Manipulyasiyaya yox, fakta və qanuna baxaq.
Elnurə Abuşova
AUSD İB-nin rəhbəri
Seçilən
13
1
azadmedia.az

2Mənbələr