İlk dəfə üç il müddətinə təyin olunan hakimlərin təlimə cəlb edilməsi qaydaları təsdiqlənib.
Day.Az xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov müvafiq Qərar imzalayıb.
Sənədə əsasən, bu Qaydalar peşə hazırlığının artırılması məqsədilə ilk dəfə 3 il müddətinə hakim təyin olunan şəxslər üçün təşkil edilən təlimin təşkili, keçirilmə forması və təlimə cəlb edilən hakimlərin hüquq və vəzifələrini, habelə təlimin yekunları ilə bağlı məsələləri tənzimləyir.
Təlimin məqsədi və təşkili
Təlim hakimlərin peşə hazırlığının artırılması məqsədilə tətbiq edilir.
İlk dəfə 3 il müddətinə hakim təyin olunan şəxslər təyinatdan dərhal sonra Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası (bundan sonra - Ədliyyə Akademiyası) tərəfindən Məhkəmə-Hüquq Şurası (bundan sonra - Şura) və Hakimlərin Seçki Komitəsi (bundan sonra - Komitə) ilə əlaqəli təşkil edilən təlimə cəlb olunurlar. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici dövlətlərin tədris müəssisəsində təşkil olunan təlim səfəri nəzərdə tutulduğu halda, təlim səfəri təlimin tərkib hissəsi hesab olunur.
İlk dəfə hakim təyin olunmuş şəxslər üçün təlim proqramı Komitə və Ədliyyə Akademiyası tərəfindən hazırlanır və Şura ilə razılaşdırılmaqla Komitə tərəfindən təsdiq edilir.
Təlim auditoriyada məşğələ, aidiyyəti orqanların (qurumların) fəaliyyəti ilə tanışlıq və məhkəmələrdə təcrübə mərhələlərindən ibarətdir.
Auditoriyada məşğələlər əyani təhsilalma forması üzrə həyata keçirilir. Məşğələlərdə ümumi nəzəri və praktik bilik və bacarıqların mənimsənilməsi ilə yanaşı, hakimlərin təyin olunduqları məhkəmələr nəzərə alınmaqla müvafiq sahələr (mülki, kommersiya, cinayət və inzibati hüquq) üzrə ixtisaslaşmaya uyğun təlimlər keçirilir.
Aidiyyəti orqanların (qurumların) fəaliyyəti ilə tanışlıq zamanı müxtəlif məhkəmə icraatları üzrə həmin orqanların (qurumların) fəaliyyəti və məhkəmələrlə qarşılıqlı təcrübəsi öyrənilir.
Məhkəmələrdə təcrübə zamanı hakimlər məhkəmə fəaliyyəti ilə bağlı təcrübəyə yiyələnməklə yanaşı, onlarda məhkəmə aktlarının tərtib edilməsi, məhkəmə iclaslarının idarə edilməsi, habelə "Elektron məhkəmə" informasiya sistemindən istifadə olunması bacarıqları formalaşdırılır.
Təlim Azərbaycan Respublikasının dövlət dilində aparılır (xarici dövlətlərin tədris müəssisəsində təşkil olunan təlim istisna olmaqla), icbaridir və təlimə cəlb edilmiş hakimlər təlimlərdə Ədliyyə Akademiyası tərəfindən müəyyən edilmiş cədvələ uyğun iştirak edirlər.
Təlim zamanı təlimə cəlb edilən hakimlər kağız və (və ya) elektron daşıyıcılarda təlim materialları ilə təmin olunurlar.
Təlimin keçirilməsi ilə bağlı hakimlərin hüquq və vəzifələri "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi" ilə müəyyən edilir.
Təlimin yekunu
Təlim başa çatdıqdan sonra 5 iş günü müddətində Ədliyyə Akademiyası və hakimin təcrübə keçdiyi məhkəmənin sədri tərəfindən Şuraya hər bir hakimin barəsində təlimin yekunlarına dair yazılı mülahizə təqdim edilir.
Yuxarıdakılara uyğun olaraq verilmiş yazılı mülahizənin nəticəsi hakimin davamlı tədrisə cəlb edilməsi zərurəti və fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır.
Məlumat üçün bildirək ki, qərar noyabrın 5-də qəbul edilib, dekabrın 25-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 26-da qüvvəyə minib.