AZ

Milli Məclisin plenar iclası

Quru sərhədlərin bağlı qalması, yollarda tıxac, çevik iş rejimi kimi məsələlər müzakirə edildi

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 9 məsələ daxil edilmişdi. Gündəliyin müzakirəsinə başlamazdan əvvəl deputatlar cari məsələlər ətrafında çıxışlar etdilər. Spiker Sahibə Qafarova “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Embraer 190-100 IGW tipli sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğramasının birinci ildönümü ilə bağlı həlak olanların ailələrinə bir daha başsağlığı verdi, günahkarların məsuliyyətə cəlb edilməsi və Rusiya tərəfindən zərərçəkən ailələrə təzminat ödənilməsi barədə çağırış səsləndirdi.

Cari məsələlər bölümündə deputat Zahid Oruc çıxışında quru sərhədlərin bağlı qalması məsələsinə toxunaraq bildirdi ki, pandemiyadan sonra davam edən bu rejim regional ticarətin genişlənməsini, tranzit və logistika potensialının tam reallaşmasını məhdudlaşdırır, yüklərin daha uzun və baha marşrutlarla daşınmasına səbəb olur. Amma deputat onu da vurğuladı ki, yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışları fonunda formalaşdırılıb: “Terror qruplarının əhəmiyyətli hissəsi münaqişə sonrası regionlardan yayılır, qeyri-qanuni miqrasiya kanalları isə terror riskini bir neçə dəfə yüksəldir. Azərbaycan bu riskləri sərhədlərdə sərt nəzarət və xüsusi rejimlər hesabına minimumda saxlayır”.

Deputat Fazil Mustafa çıxışında sürüşkən iş rejiminə keçidin vacibliyini vurğuladı. O bildirdi ki, bir sıra Avropa ölkələrində iş saatlarının daha erkən başlaması və çevik iş qrafiklərinin tətbiqi vətəndaşların vaxtdan səmərəli istifadəsinə imkan yaradır: “Bank sektoru kimi sahədə bazar günü iş rejiminə keçid, eləcə də ayrı-ayrı sektorların həftənin müəyyən günlərində işləməməsi xidmətlərdən istifadənin rahatlığını artıra bilər”. Digər tərəfdən, F.Mustafa qeyd etdi ki, paytaxtda nəqliyyatın sıxlığı vətəndaşların vaxt itkisinə səbəb olur və insanların əhəmiyyətli hissəsi işə gedib-gəlmək üçün gündə orta hesabla 3-4 saat vaxt sərf edir: “Bakının tıxac probleminin tam həllinə qədər vətəndaşların vəziyyətini yüngülləşdirmək məqsədilə müəyyən güzəştlər tətbiq edilməlidir. Əgər bir şəxs işə gələrkən yolda 2 saat vaxt itirdiyini sübut edirsə, ona işdən bir saat tez çıxmaq imtiyazı verilməlidir. Bu addım əmək məhsuldarlığını və işə münasibətin keyfiyyətini artıra bilər”.

***

Daha sonra gündəlikdə olan məsələlərin müzakirəsinə keçildi. İlk olaraq Əmək, Mülki Prosessual, Ailə, Cəzaların İcrası və Mənzil məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirildi. Layihəni Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim etdi. Qanun layihəsi ilə bağlı müvafiq 6 komitə müsbət rəy verdi. Səsvermədən sonra layihə üçüncü oxunuşda qəbul edildi.

Gündəlikdə duran ikinci məsələ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı idi. Qanun layihəsini üçüncü oxunuşa İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim etdi. Layihə cəmiyyət və deputatlar tərəfindən böyük maraqla qarşılandığından geniş müzakirələr aparıldı. Deputat Siyavuş Novruzov xaricdən Azərbaycana qarşı təhqir və mənəvi terror xarakterli çağırışlar edən şəxslərə qarşı daha sərt hüquqi tədbirlərin görülməsinin vacibliyini bildirdi. O qeyd etdi ki, bu kimi hallarla bağlı prokurorluq orqanları tərəfindən artıq müəyyən tədbirlər görülüb və proses genişləndirilməlidir. Onun sözlərinə görə, xaricdə məsuliyyətdən yayınaraq insanları təhqir edən şəxslər Azərbaycana gətirilməli və qanun qarşısında cavab verməlidirlər. S.Novruzov vurğuladı ki, bu cür hallara qarşı cəmiyyətin birgə mövqeyi formalaşdırılmalı, laqeydlik nümayiş etdirilməməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim etdi. Deputat layihə ilə bağlı əlavə təklif və dəyişikliklərin olmadığını bildirdi. Səsverməyə çıxarılan qanun layihəsi qəbul edildi.

Gündəlikdə duran növbəti məsələ Cinayət və İnzibati Xətalar məcəllələrində, eləcə də “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşuna həsr olunmuşdu. Layihəni deputat Azay Quliyev təqdim etdi. Deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Hicran Hüseynova, Gülşən Paşayeva, Erkin Qədirli və Aydın Mirzəzadə sənədi cüzi düzəlişlərlə dəstəklədiklərini bildirdilər. Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edildi. Komitəsinin üzvü Nurlan Həsənov “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun təqdimatında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də ikinci oxunuşda səsverməyə çıxarıldı. Daha sonra sədr Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi ətrafında çıxış etdi. Milli Məclisin deputatı ilk oxunuşda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən müddətin 2026-cı il fevralın 1-dən aprelin 1-dək uzadılmasını təklif etmişdi. Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edildi.

Növbəti məsələ “Patent haqqında” qanuna çoxsaylı dəyişikliklərin edilməsi barədə qanun layihəsinin müzakirəsinə həsr olundu. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov qanun layihəsi barədə ətraflı məlumat verdi. Layihə patent alınması prosedurlarının sadələşdirilməsini, ekspertiza müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını və xidmətlərin çevikliyinin artırılmasını nəzərdə tutur. Dəyişikliklərə əsasən, xarici iddiaçılar patentlə bağlı bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent orqanına müraciət etməklə həyata keçirə biləcəklər. Qanun layihəsində xidməti tapşırıq əsasında ixtira yaradan müəlliflərə ödəniləcək qonorarın minimum 50 faiz səviyyəsində müəyyənləşdirilməsi də əksini tapıb. Sənəd sənaye mülkiyyəti sahəsində qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılmasını, patent fəallığının artırılmasını, ölkənin beynəlxalq reytinqlərinin yaxşılaşdırılmasını və əqli mülkiyyət sahəsinin daha da təkmilləşdirilməsini hədəfləyir. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

Gündəliyin sonuncu məsələsi asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılmasını təklif edən qanun layihəsi idi. Layihəni Milli Məclisin hüquq siyiasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təqdim etdi. Qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədən çıxarılmış əşyaların siyahısına daxil edilir. Yeni tələblərin 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Elmi araşdırmalar asbestin insan sağlamlığı üçün ciddi risklər yaratdığını təsdiqlədiyindən, bir sıra ölkələrdə onun istifadəsi qadağan olunub. Təklif olunan dəyişikliklər ictimai sağlamlığın qorunması məqsədi daşıyır və sənəd birinci oxunuşda qəbul edildi.

Bununla da Milli Məclisin 2025-ci ildə son plenar iclası başa çatdı.

Tacir SADIQOV
XQ

Seçilən
35
xalqqazeti.az

1Mənbələr